Nağdsız hesablaşmalarla bağlı 2 aktual suala rəsmi cavab
Sual: 1. «Nağdsız hesablaşmalar haqqında» qanuna əsasən malı təqdim edən vergi ödəyicisi bu qanunun tələblərini pozarsa, cərimə tətbiq olunur. Bəs malı qəbul edən, ödənişi nağd şəkildə edən vergi ödəyicisinə bu cərimə tətbiq olunurmu?
2. «Nağdsız hesablaşmalar haqqında» qanunun tələbi pozulmaqla çəkilmiş xərclər, gəlirdən çıxılan xərclərə aid olurmu?
Sultan Ömərov Möhübbət, Sumqayıt şəhəri
Cavab: Bildiririk ki, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-cü bəndinə əsasən ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği 30.000 manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği 15.000 manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir. Göstərilən hədlərdən artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada, o cümlədən hər iki tərəf vergi ödəyicisi olduğu halda bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə həyata keçirilməlidir.
Qeyd edilən tələbin pozulmasına görə ödənişi həyata keçirən vergi ödəyicisinə Qanun pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
Bax: Vergi Məcəlləsinin 58.7-1-ci maddəsi və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 461-VQ nömrəli Qanunu.
2. Cavab: Bildiririk ki, gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.
“Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun tələbi pozulmaqla alınmış mallara (işlərə, xidmətlərə) görə alıcıya ödənilmiş məbləğlər həmin malların (işlərin, xidmətlərin) dəyərinə aid edilməklə gəlirin əldə edilməsi ilə bağlı olduqda gəlirdən çıxılır.
Bax: Vergi Məcəlləsinin 108-ci maddəsi.
0 Komment
Şərh yazın