Vergi orqanı 80 manatlıq cəriməni ləğv edə bilər?
Sual: Salam. Sizdən çox xahiş edirəm mənim rüblük hesabatı gec verdiyimə görə 80 manat cərimə ediblər. Mən bilməmişəm ilk dəfədir deyə. İlk dəfədir VÖEN acmışam başım çıxmırdı çünki. Xahiş edirəm onu ləğv edəsiz.
Orxan İbrahimov Nazim, [email protected], Bakı (12.04.2018)
Cavab: Bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə yalnız vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir.
Bununla yanaşı qeyd etmək istərdik ki, vergi ödəyicisi kimi vergi orqanında vergi uçotuna alınma haqqında ərizə ilə müraciət etmiş və vergi ödəyicisi olmuş şəxs müəyyən vəzifələrin yerinə yetirilməsi üzrə məsuliyyəti öz üzərinə götürmüş olur ki, hesabat dövrü başa çatdıqdan sonra müvafiq bəyannamənin təqdim olunması da onların sırasındadır. Hər hansı səbəbdən tələb olunan vəzifəni icra etməyən şəxs qanunvericilikdə nəzərdə tutulan məsuliyyət tədbirinə cəlb olunur.
Odur ki, qanunvericiliyin tələblərini bilməmək şəxsi onun tələblərinə riayət etməkdən azad etmir və tətbiq olunmuş maliyyə sanksiyasının ləğv olunmasına əsas vermir.
Məlumat üçün bildiririk ki, vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən hallar Vergi Məcəlləsnin 55-ci maddəsində qeyd olunur və bu hallardan hər hansı biri Sizdə yarandıqda müvafiq qaydada vergi uçotunda olduğunuz vergi orqanına müraciət edə bilərsiniz.
Bax: Vergi Məcəlləsinin 16.1.4-cü və 57.1-ci maddələri.
0 Komment
Şərh yazın