ƏDV-lə bağlı təcrübədə tez-tez rastlaşdığımız sualın cavabı

ƏDV-lə bağlı təcrübədə tez-tez rastlaşdığımız sualın cavabı

Vergilər Nazirliyi ƏDV-dəki vacib tarix məsələsinə aydınlıq gətirdi
 
Sual: Xahiş edirəm ki, müddətin axımı ilə bağlı aşağıdakı suallara öz münasibətinizi bildirəsiniz. Məlum olduğu kimi, Vergi Məcəlləsinin 68.2-ci maddəsində bildirilmişdir ki, müddətin axımının son günü qeyri-iş gününə təsadüf etdikdə növbəti ilk iş günü müddətin son günü hesab edilir. O cümlədən, Vergi Məcəlləsinin 166.1-ci maddəsində ödəmənin 30 gündən sonra olacağı təqdirdə E-VHF-nın Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq mal təqdim edildikdən (iş görüldükdən, xidmət göstərildikdən) sonra 5 gün ərzində göndərilibsə əməliyyatın vaxtı E-VHF-nın vaxtı hesab edildiyi qeyd edilmişdir. Lakin 5-ci günün qeyri-iş gününə təsadüf etməsinə görə E-VHF növbəti ilk iş günü, yəni malın təqdim edilməsindən sonrakı 6-cı gün təqdim edilməsini Məcəllənin 68.2-ci maddəsinə əsasllanaraq məhz E-VHF-nın qanunla göstərilmiş müddət daxilində göndərildiyi hesab edilirmi? 
Misal: 26.11.2017-ci il tarixində e-qaimə təqdim edilmişdir. 31.11.2017 tarixində (5-ci gündə) e-qaimə sistem tərəfindən təsdiqlənmişdir və bu səbəbdəndə e-qaimənin (yəni malın təqdim edilməsinin) tarixi 26.11.2017 olmuşdur. 31.11.2017-ci il tarixi qeyri-iş günü olduğundan malı təqdim edən şəxs növbəti iş günündə, 01.12.2017 tarixində, yəni e-qaimədən (malın təqdim edilməsindən) 6 gün sonra E-VHF-nı alıcıya təqdim etmişdir. Alıcı tərəfindən isə malın dəyəri malın təqdim edilməsindən 30 gün keçməsinə baxmayaraq ödənilməmişdir. Məcəllənin 68.2-ci maddəsinin tələblərinə əsaslanaraq vergi tutulan əməliyyatın dövrü dekabr ayıdırmı, yoxsa noyabr ayıdırmı? 
O cümlədən ikinci sualım ondan ibarətdir ki, Məcəllənin 166.1-ci maddəsində ödəmənin malın təqdim edilməsindən sonra 30 gündən sonra olacağı təqdirdə əməliyyatın vaxtının malın təqdim edilməsinin və ya E-VHF-nın göndəriləcəyi vaxt ola biləcəyi bildirilir. Sualım ondan ibarətdir ki, ödəmənin 30-cu günü qeyri-iş gününə təsadüf etdikdə və alıcı tərəfindən növbəti ilk iş günü ödəmə həyata keçirildikdə Məcəllənin 68.2-ci maddəsinin tələblərinə əsaslanaraq ödəmənin məhz göstərilən müddətin son günü həyata keçirildiyi kimi qəbul oluna və ödəmənin gününün əməliyyatın günü olduğu qəbul edilməlidirmi? Misal: 31.03.2017 mal təqdim edilmiş (e-qaimə göndərilmiş) və 5-ci gündə, 05.04.2017 E-VHF təqdim edilmişdir. Malın təqdim edilməsindən sonrakı 30-cu gün, yəni 30.04.2017-ci il tarixi qeyri-iş günüdür və ödəmə növbəti ilk iş günü, 01.05.2017-də həyata keçirilmişdir. Zəhmət olmasa göstərilən bu halda əməliyyatın gününün hansı gün olduğunu bildirə və izah edəsiniz.
 
Nofəl Məmmədov, [email protected], Bakı (14.02.2018) 
 
Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 68-ci maddəsinə əsasən Vergi Məcəlləsində müəyyən edilən hər hansı müddətin axımı onun hesablanmasını şərtləndirən hüquqi hərəkətin və ya faktiki hadisənin həyata keçirildiyi sonrakı gündən başlanır. Hər hansı müddət Vergi Məcəlləsində göstərilən dövrün sonuncu gününün axırında bitir. Bu Məcəllədə nəzərdə tutulan hər hansı müddət qeyri-iş gününə təsadüf edərsə, həmin müddət onun ardınca gələn ən yaxın növbəti iş gününə keçir.
 
Göründüyü kimi müddətlərin müəyyən edilməsi ilə bağlı Vergi Məcəlləsinin 68-ci maddəsində qeyd edilən müddəalar, o cümlədən qeyri-iş günlərində müddətlərin hesablanması ilə bağlı müddəalar həmin Məcəllədə nəzərdə tutulan bütün müddətlərin hesablanmasına şamil edilir.
 
Buna əsasən sorğuda göstərilən hallarda ƏDV üzrə vergi tutulan əməliyyatın vaxtı həmin əməliyyat üçün ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi 30-cu gün qeyri-iş gününə təsadüf edərsə, həmin müddət onun ardınca gələn ən yaxın növbəti iş günü, ödəmə 30 gündən sonra həyata keçirildikdə isə ƏDV-nin elektron vergi hesab-fakturasının verildiyi vaxtın son günü (5-ci gün) qeyri-iş gününə təsadüf edərsə, həmin müddət onun ardınca gələn ən yaxın növbəti iş günü sayılır.
 
Bax: Vergi Məcəlləsinin 68.2-ci və 166-cı maddələri.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər