"Müharibə veteranı" vəsiqəsini almayan işçiyə vergi güzəşti tətbiq olunmur?

"Müharibə veteranı" vəsiqəsini almayan işçiyə vergi güzəşti tətbiq olunmur?

Dövlət Vergi Xidməti suala aydınlıq gətirir

Sual: Müharibə veteranıyam, amma veteran vəsiqəsini hələ almamışam. Prezidentin 80 manat təqaüdünü alıram. Məktəbdə müəllim işləyirəm, lakin mənə vergi güzəşti edilmir. Səfərbərlik xidmətindən aldığım arayışı və ƏƏSM nazirliyindən aldığım arayışı mühasibatlığa təqdim etmişəm, amma vergi güzəşti olunmadı. Həmin pulları geri ala bilərəm?

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qeyd olunan güzəştdən faydalanmaq üçün fiziki şəxslər tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”na əsasən müharibə veteranı vəsiqəsi və ya Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin arayışı və ya Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Dövlət Təhlükəsizlik Xidmətinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları əsas iş yerinə təqdim edilməlidir.

Eyni zamanda bildiririk ki, Azərbaycan Respublikasının Prezidentinin 27 oktyabr 2021-ci il tarixli 1470 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində “Zəfər” altsistemi yaradılmışdır və altsistem formalaşdırıldıqdan sonra altı ay müddətində müharibə veteranı statusu almış şəxslər barədə məlumatların həmin altsistemə daxil edilməsinin təmin olunması aidiyyəti dövlət qurumlarına tapşırılmışdır.

Qeyd olunanlara əsasən müharibə veteranı adı almış şəxslər barədə məlumat Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Zəfər” altsisteminə daxil edilir və “Müharibə veteranı” vəsiqəsi verilənədək Vergi Məcəlləsinin 102.2.7-ci maddəsində müəyyən edilmiş güzəşt hüququ Vətən müharibəsi iştirakçılarına Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən verilən arayışlar və DOST mərkəzinin arayışı əsasında fiziki şəxslərin muzdlu işdən gəlirlərinə tətbiq edilir. 

Həmçinin güzəşt hüququnu təsdiq edən müvafiq sənədlərin əsas iş yerinə təqdim edilmə vaxtından asılı olmayaraq, sözügedən vergi güzəşti 2022-ci ilin yanvarın 1-dən sonra statusun qüvvəyə mindiyi tarixdən tətbiq ediləcəkdir.

Belə ki, Vergi Məcəlləsinin 102.8-ci maddəsinə əsasən əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan tətbiq edilir və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir. Fiziki şəxsin bu maddədə sadalanan vergi güzəştlərini əldə etməyə əsas verən statusu olduğu, lakin güzəşt hüququnu təsdiq edən müvafiq sənədləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra təqdim etdiyi halda vergi güzəşti həmin fiziki şəxsin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindiyi tarixdən hesablanır.

Qeyd olunanları nəzərə alaraq bildiririk ki, 1 yanvar 2022-ci il tarixdən Sizin müharibə veteranı statusunuz yarandığı halda, müvafiq təsdiqedici sənədlərin iş yerinə təqdim edilmə vaxtından asılı olmayaraq, işəgötürən tərəfindən dəqiqləşdirilmiş hesabat təqdim edilməklə 1 yanvar 2022-ci il tarixdən muzdlu işlə əlaqədar gəlirlərinizdən artıq hesablanmış vergi məbləğləri azaldılmalıdır.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya [email protected]

1. Vergi uçotu A-dan-Z-yə

2. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

3. Əmək Qanunvericiliyi Toplusu 2023

4. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

5. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

6. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2022

7. Mühasibat uçotu 2022

8. ƏMAS platforması A-dan - Z-yə 2022

 

1 Komment

  1. Qaragöz Kərimov 15 Dekabr 2023

    Salam. Mən hazırda Universitetdə müəllim olaraq çalışıram və Vətən müharibəsi iştirakçısı olaraq 400 manatlıq vergi güzəşti tətbiq olunur. Hazırda başqa bir qurumda da (AYNA) təlimçi kimi fəaliyyət göstərirəm. İkinci iş yerimdən aldığım əməkhaqqına da vergi güzəşti tətbiq olunmalıdırmı? Zəhmət olmasa bu haqda məlumat verərdiniz. Çox sağ olun, təşəkkür edirəm.

Şərh yazın