Vergi ödəyicisi qarşı tərəfə ödədiyi ƏDV daxil avans məbləğinin ƏDV-sini əvəzləşdirə bilər?
Satışına start verilən “Vergi uçotu: A-dan Z-yə” (VII nəşr) kitabından seçmə
Vergi Məcəlləsinin 166.6-cı maddəsinə əsasən, ödəmə malların (işlərin, xidmətlərin) təqdim edilməsinədək həyata keçirildikdə, vergi tutulan əməliyyatın vaxtı ödəmənin həyata keçirildiyi vaxt sayılır.
Maddədən göründüyü kimi, avans ödəniş həyata keçirildikdə, avans ödənilən şəxs həmin məbləğin ƏDV-sini bəyan etməlidir. Maraqlıdır ki, vergi ödəyicisi qarşı tərəfə avans ödənişi ilə yanaşı, həmin məbləğin ƏDV-sini də depozit hesabı ilə ödədikdə həmin məbləği əvəzləşdirə bilər.
Misal. Vergi ödəyicisi qarşı tərəfə 10 000 manat məbləğində avans ödəyib. Həmçinin, vergi ödəyicisi ƏDV depozit hesabı üzrə 1 800 manatlıq (10 000 manat x 18 faiz) ƏDV məbləğini də qarşı tərəfin ƏDV depozit hesabına ödəyib. Vergi Məcəlləsinin 175.1.1-ci maddəsinə sasən, hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə - alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt ƏDV-nin əvəzləşdiriməsi üçün müəyyən edilir.
Beləki, hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlara avans ödənişləri uyğun gəlmədiyi üçün vergi ödəyicisi yalnız əməliyyat başa çatdıqdan sonra əvəzləşdirmə həyata keçirə bilər.
İndi isə iki misalla avans üzrə əməliyyatları daha aydın şəkildə izah edək:
Misal 1. ƏDV ödəyicisi 2023-cü ilin yanvar ayında vergi ödəyicisinə 1 000 manat avans ödəyib. Fevral ayında qarşı tərəf 2500 manatlıq elektron qaimə-faktura təqdim edib. Bu zaman vergi ödəyicisi əsas məbləğ üzrə 1500 manatı hesablaşma hesabına, ümumi məbləğin 18 faizi qədər – 450 manat məbləğində ƏDV-ni isə depozit hesabına ödəyib. Bu halda vergi ödəyicisi həmin əməliyyat üzrə yanvar ayında hər hansı məbləği əvəzləşdirməyəcək. Fevral ayında isə elektron qaimə-faktura üzrə cəmi məbləğ (2 500 manat) üzrə ödənilən ƏDV məbləğini (450 manatı) tam əvəzləşdirəcək.
Misal 2. ƏDV ödəyicisi 2023-cü ilin fevral ayında qarşı tərəfə 2 000 manat məbləğində avans və 360 manat məbləğində ƏDV ödəyib. Qarşı tərəf 2 000 manatlıq elektron qaimə-fakturanı mart ayında təqdim edib. Bu zaman ƏDV-nin əvəzləşdirməsi üçün hesabat dövrü fevral yox, mart ayı sayılacaq. Çünki qarşı tərəf elektron qaimə-fakturanı mart ayında təqdim edib.
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya [email protected]
1. Vergi uçotu A-dan-Z-yə
2. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023
3. Əmək Qanunvericiliyi Toplusu 2023
4. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023
5. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023
6. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2022
7. Mühasibat uçotu 2022
8. ƏMAS platforması A-dan - Z-yə 2022
0 Komment
Şərh yazın