Sadələşdirilmiş vergi ödəyicisi ƏDV ödəyicisinə çevrildikdə, satdığı mala ƏDV hesablamalıdır?

Sadələşdirilmiş vergi ödəyicisi ƏDV ödəyicisinə çevrildikdə, satdığı mala ƏDV hesablamalıdır?

Satışı bitən amma 2023-cü ilin yanvar ayından satışda olacaq “Vergi uçotu: A-dan Z-yə” (VII nəşr) kitabından seçmə

 

Vergi Məcəlləsinin 159.7-ci maddəsinin tələblərinə də praktikada fərqli yanaşmalar var. Əvvəlcə sözügedən maddəni nəzərdən keçirək.

“Maddə 159.7. Bu maddənin digər müddəalarından asılı olmayaraq, malları ƏDV-yə cəlb edilən əməliyyatlar nəticəsində əldə edən, lakin bu malları əldə edərkən bu Məcəllənin 175-ci maddəsinə əsasən ƏDV-ni əvəzləşdirməyə hüququ olmayan şəxsin həmin malları göndərməsinə vergi tutulan əməliyyat kimi baxılmır. Əgər mallar əldə edilərkən əvəzləşdirilməsinə qismən yol verilməmişdirsə, vergi tutulan əməliyyatın məbləği əvəzləşdirmənin qismən yol verilməmiş payına mütənasib olaraq azaldılır.”

Bəzi vergi mütəxəssislərinin fikrincə, bu maddə sadələşdirilmiş vergi ödəyicisi ƏDV ödəyicisinə çevrildikdə həmin mallara ƏDV tətbiq etməməyə əsas verir. İlk baxışdan maddə belə təsir bağışlasa da, o aldadıcıdır.  Əgər doğrudan da, maddədən deyilən nəticə çıxırdısa, o zaman niyə 1 yanvar 2019-cu il tarixdən sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnu itirən (6% dərəcəsi ilə vergi ödəyənlər) pərakəndə ticarətlə məşğul olan vergi ödəyicilərinə şərait yaradıldı ki, vergi orqanlarına təqdim etdikləri məlumatlara əsasən, 1 aprel 2019-cu ilədək ƏDV-ni yalnız malların satış və alış qiymətindəki fərqə hesablasınlar?!

Düzdür, bu qərarı bir növ vergi amnistiyası da hesab etmək olar. Çünki bu qərarla uçotda olmayan malları da uçota salmağa icazə verildi.  Həmin vergi ödəyiciləri 1 aprel 2019-cu ildən etibarən sadələşdirilmiş vergi ödəyicisi olduğu dövrdən qalan bütün mallara ƏDV tətbiq edir.

 

Tutaq ki, ticarət fəaliyyəti ilə məşğul olan sadələşdirilmiş vergi ödəyicisi 1 may 2021-cu il tarixdən ƏDV ödəyicisi olub. Bu halda artıq vergi ödəyicisi bütün təqdim etdiyi malları ƏDV-yə cəlb etməlidir.

Vergi Məcəlləsinin 159.7-ci maddəsinə gəlincə isə, bu, sırf əvəzləşdirmə hüquqi  ilə bağlıdır.

Mİsal 1.  ƏDV-dən azad olunan əməliyyatlar həyata keçirən ƏDV ödəyicisi “A” MMC 800 manatlıq mal alıb. Vergi ödəyicisi fəaliyyətinə uyğun olaraq ƏDV-ni əvəzləşdirmək hüququndan istifadə edə bilmir. Həmin malların ləğv olunması  zamanı ona ƏDV-yə cəlb edilən əməliyyat kimi baxılmır.

Əgər mallar əldə edilərkən əvəzləşdirilməsinə qismən yol verilibsə, ƏDV hesablanan məbləğ də əvəzləşdirmənin qismən verilməmiş payına mütənasib olacaq.

Mİsal 2.  Həm ƏDV-dən azad olan, həm də ƏDV-yə cəlb edilən fəaliyyətləri həyata keçirən vergi ödəyicisi elektron  qaimə-faktura ilə 800 manatlıq mal əldə edib və 144 manat ƏDV hesablayıb. Alınmış malların ƏDV-yə cəlb olunan əməliyyatın xüsusi çəkisi üzrə qismən əvəzləşdirən məbləği, malların göndərilməsi zamanı həmin ƏDV məbləği qədər bəyan edilməlidir.

 

Satışda olan YENİ nəşrimiz: "ƏMAS platforması: A-dan Z-yə" kitabı

Proqram təminatı və əmək qanunvericiliyinin tələblərinin  addım-addım izahı + 20-ə yaxın Nümünəvi forma

Kitabın istənilən ünvana çatdırılması ödənişsiz olaraq həyata keçirilir.

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın