Cümə, 08 İyul 2022 07:34

Sadələşdirilmiş vergi ödəyicisi ƏDV-yə keçid üçün 12 aylıq dövriyyəni daxil olan pul vəsaitinə görə müəyyən etməlidir?

Satışı yekunlaşan “Vergi uçotu: A-dan Z-yə” (VI nəşr) kitabından seçmə

Bəzi vergi ödəyiciləri hesab edirlər ki, adətən sadələşdirilmiş vergi bəyannaməsində daxil olan vəsaitdən vergi verildiyi üçün, ardıcıl 12 aylıq dövrdə də həmin dövr üzrə daxilolmalar əsas götürülür. Vergi qanunvericiliyində qeyd olunur ki, sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər ƏDV ödəyicisi sayılırlar. Bu məsələ ilə bağlı iki vacib məqam var.

Mİsal 1. Sadələşdirimiş vergi ödəyicisi olan, istehsal sferasında çalışan fərdi sahibkarın hesabına iyun ayında 30 000 manat daxil olub.  Bundan sonra ardıcıl 12 aylıq daxilolmalar 200 000 manatı keçərək 204 000 manat təşkil edib. Amma müəyyən olunub ki, daxil olan vəsaitin 5 000 manatı avans ödənişidir. Bu zaman fərdi sahibkarın məcburi ƏDV qeydiyyatına durmasına ehtiyac qalmır, çünki ardıcıl 12 ayda vergi tutulan əməliyyatlarının həcmi 199 000 manat (204 000 manat – 5000 manat) olub.

Mİsal 2. Xidmət sahəsində fəaliyyət göstərən “A” MMC-nin ardıcıl 12 ay üzrə təqdim etdiyi xidmətlərin məbləği 2019-cu ilin avqust ayında 210 000 manat olsa da, sentyabr 2018- avqust 2019-cu il dövr üzrə daxil olan vəsaitlərin məbləği 180 000 manat təşkil edib. Buna səbəb təqdim olunan 30 000 manatlıq mallara görə ödənişin daxil olmamasıdır. Bu halda vergi ödəyicisi 1 sentyabr 2019-cu il tarixdən etibarən ƏDV qeydiyyatı üçün ərizə təqdim etməlidir.

Bir məsələni də qeyd edək ki, sadələşdirilmiş vergi bəyannaməsində aylar üzrə hesabatda təqdim edilmiş mallar və (və ya) görülən iş və xidmətlərin məbləği qeyd olunur və vergi orqanı AVİS proqram təminatı ilə prosesə nəzarəti həyata keçirir.

ƏDV qeydiyyatı necə ləğv olunur?

Vergi ödəyicisinin ƏDV qeydiyyatının ləğvi qeydiyyata durmaq qədər asan proses deyil. Vergi qanunvericiliyinə əsasən, vergi ödəyicisinin ƏDV qeydiyyatından imtina etməsi üçün mütləq müəyyən şərtlər gözlənilməlidir. Bu zaman 2 şərt çox önəmlidir:

  1. Son tam 12 təqvim ayında vergiyə cəlb olunan əməliyyatların ümumi məbləği 100 000 manatdan az olmalıdır;
  2. ƏDV məqsədləri üçün son qeydiyyatın qüvvəyə mindiyi tarixdən ən azı 1 il keçməlidir.

Mİsal.  İstehsal sahəsində fəaliyyət göstərən “A” MMC-nin dövriyyəsi 200 000 manatı keçdiyi üçün o, ƏDV ödəyicisi olub. Amma istehsal və satışın azalması ilə bağlı olaraq “A” MMC qərar verir ki, ƏDV qeydiyyatından çıxsın və satış  zamanı malları ƏDV-yə cəlb edilməsin. Bu zaman “A” MMC diqqət yetirməlidir ki, son 12 ayda vergiyə cəlb olunan əməliyyatlarının ümumi məbləği nə qədər təşkil edib. Təsəvvür edək ki, “A” MMC 2019-cu ilin oktyabr ayında qərar verir ki, noyabr ayından etibarən ƏDV qeydiyyatını dayandırsın. Bu halda vergi ödəyicisinin 1 noyabr 2018-30 oktyabr 2019-cu il aralığındakı dövriyyəsinə diqqət yetirmək lazımdır. Əgər həmin 12 ay ərzində vergiyə cəlb olunan əməliyyatların ümumi məbləği 100 min manatdan aşağıdırsa, o zaman vergi ödəyicisi ƏDV qeydiyyatı üçün müraciət edə bilər, əgər 100 000 manatdan yüksəkdirsə, o zaman ƏDV qeydiyyatının ləğvi üçün vergi orqanına müraciət etməsinə ehtiyac yoxdur.

Mİsal 2. Vergi ödəyicisinin 1 noyabr 2018-30 oktyabr 2019-cu il tarixlərində vergiyə cəlb olunan əməliyyatlarının ümumi məbləği 100 min manatdan aşağıdır. Amma son ƏDV qeydiyyat tarixi 1 fevral 2019-cu ildir. Bu halda “A” MMC-nin ƏDV qeydiyyatının ləğv olunmasına icazə verilməyəcək. Çünki Vergi Məcəlləsinə əsasən, ƏDV qeydiyyatının ləğv olunması üçün son ƏDV qeydiyyatı tarixindən ən azı 1 il müddət keçməlidir.

Bir il müddət məsələsi daha çox bir əqd və ya müqavilə üzrə əməliyyatın ümumi dəyəri 200.000 manatdan artıq olduğu hallarda daha risklidir.

Mİsal. Fərdi sahibkar 210 000 manatlıq müqavilə imzalayır. Vergi Məcəlləsinə əsasən, fərdi sahibkar həmin əməliyyat həyata keçirilən günədək ƏDV ödəyicisi kimi qeydiyyata alınması üçün ərizə ilə müraciət etməlidir. Fərz edək ki, fərdi sahibkar ƏDV qeydiyyatına alındıqdan sonra qarşı tərəflə müqaviləsi ləğv olunur. Artıq bu halda vergi ödəyicisi 1 il gözləməlidir ki, ƏDV qeydiyyatından çıxa bilsin. Fikrimizcə, bu halla bağlı Vergi Məcəlləsində xüsusi istisna nəzərdə tutulmalıdır.

Onu da qeyd edək ki, ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunması vergi orqanına qeydiyyatın ləğv edilməsinə dair ərizənin verildiyi gün qüvvəyə minir. Vergi orqanı ƏDV-nin məqsədləri üçün qeydiyyatı ləğv edilən şəxsin adını, onun haqqında digər məlumatları ƏDV ödəyicilərinin reyestrindən silməli və verilmiş qeydiyyat bildirişini geri almalıdır.

 

"MKS Academy" MMC-dən növbəti tematik təlim

Təlimin adı:  “Məzuniyyət və Müavinət hüququ: A-dan Z-yə”

Əmək Qanunvericiliyinin tələbləri nəzərə alınmaqla məzuniyyət və müavinət hüququnun yaranması, müddətlərin hesablanması və müvafiq proqram təminatlarında (ƏMAS alt sistemi və DSMF-ə təqdim edilən müavinət platforması) əks etdirilməsi tematik təlimdə misallar üzərindən izah olunacaq

Tarix:  16 iyul 2022-ci il saat 15:00

Müddət: 4 saat

Təlim haqqında ətraflı məlumat üçün əlaqə vasitələri: 050-368-12-72 (what's upp da aktivdir), 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Şərh yazın