- Təəssüf ki, POS-terminal işləmir. Ödənişi karta göndərə bilərsiniz?

- Bəli.

Müştəri hesabı karta göndərməklə ödəyir, lakin obyekt sahibi ona nə çek verir, nə də əməliyyatı təsdiqləyən hansısa qəbz. Gündəlik alış-verişdə, restoranda və ya hər hansı xidmət müqabilində hesabı ödəyəndə belə halla, yəqin ki, əksəriyyətimiz qarşılaşırıq. Bəzən diqqət yetirməsək də bu proses həm hüquqi, həm iqtisadi, həm də sosial məsuliyyət baxımından ciddi bir pozuntudur.

Mağazaya gələn alıcı hansısa məhsulu alır, nağdsız ödəniş etmək istəyəndə kassir POS-terminalın işləmədiyini deyir və alıcıya məhsulun pulunu “card to card” vasitəsilə ödəməyi təklif edir. Alıcı bu üsulla ödəniş etdikdə həm komissiyaya görə
əlavə pul ödəyir, həm də alış-veriş çeki əldə edə bilmir.

“Card to card” alış-verişi müştəriləri aldadır

“Card to card” bəzi hallarda pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlərin POS-terminal deyil, plastik kartlar vasitəsilə kartdan karta köçürmə əməliyyatı tətbiq olunmaqla həyata keçirilməsidir. Əslində “card to card” özü normal pulköçürmə əməliyyatıdır. Vətəndaşlar müştərisi olduqları bankın mobil əlavəsi vasitəsilə, “card to card” əməliyyatını tətbiq etməklə pullarını digər hesablarına və istədikləri yerlərə yönləndirə bilərlər. Bu, rahat, sadə və şəffaf prosesdir. Lakin bəzi obyekt sahibləri bu funksiyadan təyinatı üzrə deyil, öz maraqları üçün istifadə edirlər. Məsələn, mağazaya gələn alıcı hansısa məhsulu alır, nağdsız ödəniş etmək istəyəndə kassir POS-terminalın işləmədiyini deyir və alıcıya məhsulun pulunu “card to card” vasitəsilə ödəməyi təklif edir. Alıcı bu üsulla ödəniş etdikdə həm komissiyaya görə əlavə pul ödəyir, həm də alış-veriş çeki əldə edə bilmir. Bəzi obyektlərdə komissiya haqqını alıcıya güzəştə getsələr də alış-veriş çeki yenə də verilmir. Komissiya haqqını alıcıya güzəştə getməyin səbəbi isə bu iş adamlarının xeyirxahlığı yox, əslində öz qanunsuz əməllərini ört-basdır etmək niyyətidir. Alıcı pulu kartla ödədikdə özü də bilmədən bu qanunsuz əməliyyatın iştirakçısına çevrilir. Bu qanun pozuntusu vergidənyayınma məqsədi daşıyır. Alıcı “card to card”la məhsulun pulunu ödədikdə həmin məhsulu dəyişə və ya qaytara da bilmir. Bununla bağlı satıcı şifahi vəd versə belə, çek olmadan bu vədi asanlıqla poza və alıcı mağazaya gələndə onun məhsulunu dəyişməkdən imtina edə bilər. Halbuki alıcının əlində çek olsa, o, bu sənədlə lazımi qurumlara müraciət edib öz haqqını tələb edə bilər. Lakin “card to card”la ödənişdə çek verilmədiyi üçün alıcının heç bir hüququ qalmır və vəziyyətlə barışmalı olur. Eyni zamanda, belə hallar mal, iş və xidmətlər əlavə dəyər vergisi ödəyicilərindən alınarkən istehlakçıların “ƏDV geri al” mexanizmindən faydalanmaq imkanından da məhrum olması ilə nəticələnir. Məsələnin digər tərəfi də mexanizmin etibarlılığının aşağı səviyyədə olmasıdır. Satıcının ödənişi göndərmək üçün təqdim etdiyi kart məlumatlarında yanlışlıq alıcının vəsaitinin başqa hesablara gedib çıxmasına səbəb ola bilər. Göründüyü kimi, POS-terminaldan istifadə etməməklə yol verilən alış-verişlər riskli əməliyyatlardır.

Belə hallar mal, iş və xidmətlər əlavə dəyər vergisi ödəyicilərindən alınarkən istehlakçıların “ƏDV geri al” mexanizmindən faydalanmaq imkanından da məhrum olması ilə nəticələnir

Birlikdən qüvvət doğular...

Sahibkarlar bilməlidirlər ki, belə əməliyyatlara yol verən vergi ödəyicilərinə vergi orqanı tərəfindən əlavə vergilər, faizlər hesablana və maliyyə sanksiyaları tətbiq oluna bilər. Vergi Məcəlləsində nəzərdə tutulan əlavə maliyyə sanksiyalarına məruz qalmamaq üçün nağdsız ödənişləri qanunvericiliyin tələblərinə əsasən, yalnız POS-terminal vasitəsilə qəbul etmək tövsiyə olunur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vətəndaşlara müraciətində onları mal, iş və xidmətlər alarkən nağdsız ödənişləri kartdan karta köçürmə əməliyyatları ilə deyil, yalnız POS-terminal tələb etməklə həyata keçirməyə çağırıb. Həqiqətən də cəmiyyət bu məsələdə aktiv olarsa, obyektlər də düzgün işləməyə məcbur olacaq. Çünki obyektlərin öz məhsullarını, xidmətlərini düzgün satması vətəndaşların mövqeyindən asılıdır. Necə deyərlər, birlikdən qüvvət doğular...

Gülay NƏBİYEVA

Vergiler.az