“vergiler.az”ın sualına iqtisadçı ekspert Anar Bayramov aydınlıq gətirir.
Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna edilməklə, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq edilmiş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə:
- təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1.000 manat;
- təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3.000 manat;
- təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə isə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
Maddə üzrə maliyyə sanksiyalarının tətbiqi sahəsi geniş olduğundan misallarla izah etməyə çalışacağıq.
Misal 1: Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarını pozaraq qarşı tərəfə nəzarət-kassa aparatının çekini təqdim etməyib. Bu halda, vergi orqanının vəzifəli şəxsləri tərəfindən vergi ödəyicisinə Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, təqvim ili ərzində neçənci dəfə baş verməsinə uyğun olaraq 1.000 manat, 3.000 manat və ya 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək.
Qeyd edək ki, Vergi Məcəlləsinin 58.7-ci maddəsində təqvim ili dedikdə, 1 yanvar - 31 dekabr tarixləri nəzərdə tutulur.
Misal 2: İctimai iaşə sahəsində fəaliyyət göstərən vergi ödəyicisi əhaliyə təqdim etdiyi xidmətə görə 78 manat ödəniş qəbul etdiyi halda, nəzarət-kassa aparatına 38 manat daxil edib. Bu zaman vergi ödəyicisinə vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarını pozmasına görə Vergi Məcəlləsinin 58.7-ci maddəsinə müvafiq olaraq maliyyə sanksiyası tətbiq edilir.
Misal 3: Vergi orqanının nəzarət tədbirləri zamanı müəyyən edilib ki, vergi ödəyicisində obyektiv səbəblərdən (internet və ya elektrik kəsilməsi və s.) nəzarət-kassa aparatından istifadə dayandırılıb. Vergi orqanı vergi ödəyicisinin nəzarət-kassa aparatından istifadə edilmədiyi dövrdə nağd pul əməliyyatlarını “Nəzarət-kassa aparatının işləmədiyi dövrdə aparılan əməliyyatların uçotu kitabı”na qeyd etmədiyini aşkara çıxarıb. Bu halda, vergi orqanının vəzifəli şəxsləri tərəfindən Vergi Məcəlləsinin 58.7-ci maddəsinə uyğun olaraq maliyyə sanksiyası tətbiq ediləcək.
Misal 4: Vergi ödəyicisi 2022-ci ilin noyabr ayında əhali ilə nağd hesablaşma qaydalarını pozduğuna görə təqvim ili ərzində belə hala birinci dəfə yol verdiyi üçün vergi orqanının vəzifəli şəxsləri tərəfindən ona 1.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilib. Vergi ödəyicisi 2023-cü ilin fevral ayında yenidən əhali ilə nağd hesablaşma qaydalarını pozub. Bu zaman vergi orqanı tərəfindən 3.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməyəcək. Çünki vergi ödəyicisi üçün təqvim ili 31 dekabr 2022-ci ildə başa çatdığından, bu, bir təqvim ilində eyni halın ikinci dəfə təkrarlanması hesab olunmur. Yeni təqvim ilində ilk dəfə olduğu üçün vergi ödəyicisinə yenə 1.000 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək.
1 yanvar 2022-ci ildən etibarən Vergi Məcəlləsinin 58.7-ci maddəsinə nəzarət-kassa aparatı ilə bağlı “o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən” sözləri əlavə edilib. Maddədən göründüyü kimi, qeyd olunan tarixədək maliyyə sanksiyaları nəzarət-kassa aparatı qəbzinin verilməməsi və ya nəzarət-kassa aparatının tələblərə uyğun olmaması ilə bağlı idi. Nəzarət-kassa aparatının qəbzindəki məlumatların düzgün olmaması ilə bağlı hər hansı maliyyə sanksiyası nəzərdə tutulmurdu. Vergi Məcəlləsinə əlavə edilən dəyişiklikdən sonra nağd hesablaşmalar zamanı Vergi Məcəlləsinin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilir.
Mənbə: Anar Bayramov: “Vergi uçotu” kitabı
0 Komment
Şərh yazın