Vergi Məcəlləsinin 150.5-ci maddəsinə əsasən, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi istisna olmaqla, digər gəlirlərdən ödəmə mənbəyində verginin tutulması öhdəliyinin yaranma vaxtı aşağıdakı qaydada müəyyən edilir:
- vergi ödəyicisi pul vəsaitini nağd qaydada ödəyirsə, nağd pul vəsaitinin ödənildiyi, nağdsız ödəmə zamanı pul vəsaitinin köçürülməsinə dair ödəmə tapşırığının bank tərəfindən icraya qəbul edildiyi vaxt (Maddə 150.5.1.);
- vergi ödəyicisinin kreditoru qarşısında maliyyə öhdəlikləri ləğv edildiyi və ya ödənildiyi halda (qarşılıqlı hesablaşmalar aparıldıqda və digər bu kimi hallarda), öhdəliyin ləğv edildiyi və ya ödənildiyi (əvəzləşdirildiyi) vaxt (Maddə 150.5.2.);
- vergi orqanında uçotda olmayan fiziki şəxslərin bu Məcəllənin 13.2.16.14-1-ci maddəsində göstərilən ödəmələrindən pul vəsaitinin köçürülməsinə dair ödəmə tapşırığının bank tərəfindən icra edildiyi vaxt (Maddə 150.5.3.).
Qanunvericiliyin bu tələbini “vergiler.az”a iqtisadçı ekspert Anar Bayramov şərh edir.
Vergi Məcəlləsinin 150.5-ci maddəsində ödəmə mənbəyində verginin tutulması öhdəliyinin yaranma vaxtının müəyyənləşdirilməsinin 3 halı qeyd edilib.
Birinci hal: Vergi ödəyicisi pul vəsaitini nağd qaydada ödəyirsə, nağd pul vəsaitinin ödənildiyi, nağdsız ödəmə zamanı pul vəsaitinin köçürülməsinə dair ödəmə tapşırığının bank tərəfindən icraya qəbul edildiyi vaxt ödəmə mənbəyində verginin tutulması vaxtı hesab edilir.
Misal 1: Vergi ödəyicisi yanvar ayı üzrə 400 manatlıq icarə haqqının ödənişini 5 fevral 2023-cü ildə həyata keçirib. Ödəmə mənbəyində verginin tutulması öhdəliyinin yaranma vaxtı nağd pul vəsaitinin ödənildiyi tarix - 5 fevral 2023-cü il olacaq.
Misal 2: Vergi ödəyicisi işçinin yanvar ayı üzrə əməkhaqqını 20 fevral 2023-cü il tarixdə ödəyib. Bu zaman ödəmə mənbəyində verginin tutulması öhdəliyinin yaranma vaxtı 20 fevral 2023-cü il tarixi hesab edilməyəcək. Vergi Məcəlləsinin 150.5-ci maddəsinə əsasən, ödəmə mənbəyində verginin tutulması öhdəliyinin yaranma vaxtı ilə bağlı tələblər muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergini əhatə etmir.
Misal 3: Vergi ödəyicisi qeyri-rezidentlə 3.000 dollarlıq müqavilə imzalayıb və iş aprel ayında təhvil verilsə də, 31 may 2023-cü il tarixdə ödənişin köçürülməsi ilə bağlı ödəmə tapşırığı banka təqdim edilib.
Bank ödənişi 1 iyun 2023-cü il tarixdə həyata keçirilsə də, Vergi Məcəlləsinin 150.5-ci maddəsinə əsasən, nağdsız ödəmə zamanı pul vəsaitinin köçürülməsinə dair ödəmə tapşırığının bank tərəfindən icraya qəbul edildiyi tarix, yəni 31 may 2023-cü il ödəmə mənbəyində verginin tutulması vaxtı hesab ediləcək.
İkinci hal: Vergi ödəyicisinin kreditoru qarşısında maliyyə öhdəlikləri ləğv edildiyi və ya ödənildiyi halda (qarşılıqlı hesablaşmalar aparıldıqda və digər bu kimi hallarda), öhdəliyin ləğv edildiyi və ya ödənildiyi (əvəzləşdirildiyi) tarix ödəmə mənbəyində verginin tutulması vaxtıdır.
Misal 4: Vergi ödəyicisi qarşılıqlı razılaşmaya əsasən, fərdi sahibkara ödəməli olduğu fevral ayı üzrə 2.000 manatlıq icarə haqqının əvəzində mühasibatlıq xidməti göstərib. Vergi ödəyicisinə nağd və nağdsız qaydada ödəniş həyata keçirilməsə də, vergi ödəyicisi ilə fərdi sahibkar arasında qarşılıqlı hesablaşmalar aparılaraq maliyyə öhdəlikləri əvəzləşdirildiyi üçün öhdəliyin əvəzləşdirildiyi tarix, yəni 28 fevral 2023-cü il ödəmə mənbəyində verginin tutulması vaxtı hesab ediləcək. Vergi ödəyicisi ödəmə mənbəyində tutulan vergi bəyannaməsində 2.000 manatlıq icarə haqqı üzrə ödəmə mənbəyində vergini bəyan edəcək.
Misal 5: Vergi ödəyicisi yanvar ayında qeyri-rezidentdən aldığı 3.000 dollar xidmət haqqı əvəzində ona fevral ayında 4.200 dollar dəyərində mal göndərməyə razılaşır. Fevral ayında bağlanan akt əsasında tərəflər arasında öhdəliklərin əvəzləşdirildiyi vaxt 3.000 dollar məbləğ üçün ödəmə mənbəyində verginin tutulması vaxtı hesab ediləcək.
Misal 6: Vergi ödəyicisinin vergi orqanında uçotda olmayan şəxslə bağladığı müqaviləyə əsasən, qarşı tərəf 500 manatlıq xidmət göstərib. VÖEN-i olmayan şəxs xidmət göstərdikdən sonra vergi ödəyicisindən xidmət əvəzinə 2022-ci ilin aprel ayında 300 manatlıq avadanlıq alıb. Vergi ödəyicisi xidmət göstərən şəxsə may ayında 200 manat nağd ödəniş edib. Bu halda aprel və may aylarında müvafiq olaraq 300 manatdan və 200 manatdan ödəmə mənbəyində verginin tutulması vaxtı hesab ediləcək. Vergi ödəyicisi ödəmə mənbəyində tutulan vergi bəyananməsində ödənişləri aprel və may ayında bəyan edəcək.
Misal 7: Hüquqi şəxs olan vergi ödəyicisi təsisçi ilə bağlanan borc müqaviləsinə 2.000 manat məbləğində faiz hesablayır. Faizin ödənilməsinin 2023-cü ilin may ayında həyata keçirilməsi qeyd olunsa da, təsisçi tərəfindən həmin borcun bağışlanmasına qərar verilir. Vergi ödəyicisi tərəfindən hər hansı ödəniş həyat keçirlməsə də, vergi ödəyicisinin kreditoru qarşısında maliyyə öhdəlikləri ləğv edildiyi vaxt, yəni borcun bağışlandığı vaxt ödəmə mənbəyində verginin tutulması vaxtı hesab ediləcək.
Üçüncü hal güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə və güzəştli vergi tutulan ölkələrə və ya ərazilərə vergi orqanında uçotda olmayan fiziki şəxslər tərəfindən edilən ödənişlərin vaxtını tənzimləyir.
Misal 8: “Parambank” ASC 2023-cü ilin mart ayında vətəndaş tərəfindən 3.000 dollar məbləğində ödənişin ofşor ölkə hesab edilən Andorradakı şirkətə köçürülməsi haqqında ödəniş qəbzini qəbul edir. Bank tərəfindən güzəştli vergi tutulan ölkəyə vergi orqanında uçotda olmayan fiziki şəxslərin ödənişinin icra edildiyi vaxt ödəmə mənbəyində verginin tutulması vaxtı hesab edilir.
Mənbə: Anar Bayramov, “Vergi uçotu” kitabı
0 Komment
Şərh yazın