Təcrübədə əvvələr fəaliyyəti olmuş, sonradan fəaliyyəti dayandırılmış vergi ödəyicilərinin cari vergi ilində bərpa edilmiş fəaliyyəti zamanı müəyyən uyğunsuzluq məktubları daxil olur. Sərbəst auditor Altay Cəfərov bu hallarda sahibkarların necə davranmalı olduğunu misal əsasında izah edir.
Misal: “AA” MMC icarə fəaliyyəti ilə məşğuldur.Əvvəllər mənfəət vergisi ödəyicisi olmuş MMC 2022-ci ilin ortalarında fəaliyyətini dayandırıb. Həmçinin, 2023-cü ilin ikinci rübündə, daha dəqiq, iyun ayında fəaliyyətini bərpa edib və yenidən icarə fəaliyyətini davam etdirib. Belə durumlarda, bir çox hallarda vergi orqanlarından MMC-nin sadələşdirilmiş bəyannamənin təqdim edilməsi haqqında uyğunsuzluqlar daxil ola bilər.
Bu zaman, aşağıdakı istiqamətdə açıqlamalar təqdim etməlidir.
- MMC-nin fəaliyyətinin daşınmaz əmlakın icarəyə verilməsindən ibarət olduğunu və hər hansı bir sadələşdirilmiş vergi hesabatının verilməsi öhdəliyinin olmaması bildirilməlidir.
- Belə ki, Vergi Məcəlləsinin 151.5.1.-ci maddəsində göstərilib ki, əvvəllər fəaliyyəti və ya vergi tutulan mənfəəti (gəliri) olmayan vergi ödəyicilərinin mənfəət və ya gəlir vergisi üzrə cari vergi ödəmələri təqvim ili ərzində rüblər üzrə artan yekunla bu Məcəllə ilə müəyyənləşdirilən müvafiq vergi dərəcələrinə əsasən hesablanır.
- Maddədən də aydın olur ki, “AA” MMC mənfəət vergisi ödəyicisi olaraq cari mənfəət vergisi arayışını təqdim etməlidir və cəmiyyət hökmən cari mənfəət vergisi arayışını 151.5.-ci maddəyə əsasən vergi orqanlarına göndərməlidir. Bundan əlavə, Vergi Məcəlləsinin 218.2.-ci və 218.5.-ci maddələrində qeyd edilib.
Məcəllənin 218.2-ci maddəsinə görə, sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malik olan vergi ödəyicisi (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) hər il aprel ayının 20-dən gec olmayaraq, müvafiq bəyannaməni və ya bu Məcəllənin 218.1-ci maddəsində qeyd olunan hüquqlardan istifadə etməyəcəyi barədə yazılı məlumatı uçotda olduğu vergi orqanına təqdim edir.
Maddədən aydın olur ki, sadələşdirilmiş vergi ödəyicisi olmaq üçün aprel ayının 20-nə kimi vergi orqanlarına ya məlumat verməlidir, ya da sadələşdirilmiş vergi bəyannaməsini təqdim etməlidir.
Ümumiyyətlə, MMC-nin yanvar-iyun ayına kimi heç bir fəaliyyətinin olmaması qeyd edilməlidir. Fəaliyyəti tam dayanıb və ona görə də heç bir sadələşdirilmiş vergi bəyannaməsi təqdim edilməyib.
Bundan əlavə, Vergi Məcəlləsinin 218.5-ci maddəsinə əsasən, aşağıda göstərilən şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur:
- Əmlakın icarəyə verilməsindən və royaltidən gəlir əldə edən şəxslər;
Bu maddələrdən də görünür ki, əmlakın icarəyə verilməsi ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur. Ona ggörə də “AA” MMC sadələşdirilmiş vergi ödəyicisi olmalı deyil.
Nəticə olaraq görünür ki, MMC sadələşdirilmiş vergi ödəyicisi deyil, sadələşdirilmiş vergi bəyannaməsini təqdim etmək öhdəliyi də yoxdur.
Vergi orqanlarına yuxarıdakı istiqamətdə açıqlamalar verildikdə uyğunsuzluqlar aradan qalxacaq. Eyni zamanda, bu cür uyğunsuzluqların gələcəkdə də baş verməməsi məqsədilə vergi ödəyicilərinin sadələşdirilmiş vergi ödəyicisi kimi mükəlləfiyyətinin ləğv edilməsi haqqında vergi orqanına müraciət edilməsi tövsiyə olunur.
0 Komment
Şərh yazın