Anar Bayramovun təqdimatında: Bank əmanətləri üzrə faizlərin hesablanması (3 MİSALLA izah)

Anar Bayramovun təqdimatında: Bank əmanətləri üzrə faizlərin hesablanması (3 MİSALLA izah)

“vergiler.az”ın sualına iqtisadçı ekspert Anar Bayramov aydınlıq gətirir.

Yerli bank və xarici bankın Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə, emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont və faiz gəlirləri 2016-cı il fevralın 1-dən etibarən 7 il müddətində gəlir vergisindən azad idi. Həmin müddət 1 fevral 2023-cü ildə başa çatdı.

Misal 1. Vətəndaş “XXXbank”da illik 8 faiz olmaqla 10.000 manat əmanət yerləşdirib. 2023-cü il fevral ayının 1-dək ilin sonunda 800 manat faiz vəsaitini əldə edərkən bank ödəmə mənbəyində hər hansı vergi tutmurdu.

Məlumat üçün bildirək ki, 2016-cı ildəki dəyişikliyə qədər hesablanan faizlərin illik məbləğinə bir dəfədən artıq olmamaq şərtilə 500 manat güzəşt tətbiq edilməklə ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulurdu. 2015-ci ildə iki dəfə devalvasiya baş verəndən sonra banklara etimadı və likvidliyi bərpa etmək üçün 1 yanvar 2016-cı ildən etibarən 7 il müddətinə güzəşt tətbiq edildi.

Həmin müddət 2023-cü ildə başa çatdığı üçün banklar 1 fevral 2023-cü il tarixdən hesablanan faiz gəlirlərinə ödəmə mənbəyində vergi hesablayır.

Misal 2. Vətəndaş 1 yanvar 2022-ci il tarixdə banka illik 10 faiz olmaqla əmanət yerləşdirib. Bu halda 1 fevral 2023-cü il tarixə qədər əmanətlərin faizlərindən ödəmə mənbəyində vergi hesablanmır. Ancaq 1 fevral 2023-cü il tarixdən sonra hesablanan faizlərə ödəmə mənbəyində 10 faiz vergi tətbiq ediləcək.

Misal 3. Vətəndaşın kart hesabındakı vəsaitinə kredit təşkilatı faiz hesablayaraq ödəniş həyata keçirir. 1 fevral 2023-cü il tarixdən etibarən kart hesabına vəsaitə görə ödənilən faizdən ödəmə mənbəyində vergi hesablanır. Yəni vətəndaşın kart hesabında 1.000 manat vəsait varsa və bank həmin vəsaitə 1 fevral 2023-cü tarixdən etibarən 50 manat faiz hesablayırsa, bu halda ödəmə mənbəyində 10 faiz, yəni 5 manat vergi tutulacaq. Vətəndaşa 45 manat faiz ödəniləcək.

Satışda olan YENİ nəşrlərimiz:

0 Komment

    Şərh yazın

    Xəbərlər