Rəşad Məmmədovun təqdimatında: Əmək haqqı ilə bağlı könüllü açıqlama hansı hallarda təqdim olunmalıdır?

Rəşad Məmmədovun təqdimatında: Əmək haqqı ilə bağlı könüllü açıqlama hansı hallarda təqdim olunmalıdır?

Vergi Məcəlləsinin 13.2.49-2-ci maddəsinə əsasən, könüllü açıqlama – səyyar vergi yoxlaması başa çatdıqdan sonra yoxlama zamanı aşkar edilməyən və vergi öhdəliyinin, habelə məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə öhdəliyin yaranmasına səbəb olan halların vergi ödəyiciləri tərəfindən vergi orqanlarına könüllü olaraq bəyan edilməsidir.

Maliyyə və vergi məsələləri üzrə ekspert Rəşad Məmmədov qanunvericiliyin bu tələbini “vergiler.az”a şərh edir.

“Voluntary tax disclosure" termini ilə ifadə edilən bu anlayış bir çox dünya ölkələrində tətbiq olunur. Vergi Məcəlləsinin 13.2.49-2-ci maddəsi hər bir vergi ödəyicisinə öz səhvlərini könüllü açıqlamaq şansı yaradır. Könüllü vergi açıqlaması vergi yoxlaması üçün qanunla müəyyən edilmiş müddət bitdikdən sonra, yoxlama zamanı aşkar olunmamış səhvlərin könüllü bəyan edilməsini nəzərdə tutur. Bununla da vergi ödəyicisinin dəqiqləşmiş bəyannamə vermək hüququ yaranır və həmin bəyannamə ilə könüllü açıqlanmış vergi məbləğlərinə görə faizlərin hesablanması və maliyyə sanksiyasının tətbiqi istisna edilmiş olur. Könüllü vergi açıqlaması edildiyi halda bu barədə Vergi Məcəlləsinin 72.5-1-ci maddəsinə əsasən, Dövlət Vergi Xidmətinin müəyyən etdiyi formada vergi hesabatı verilməlidir.

Misal: "AA" müəssisəsinin 2018-ci ildə rəsmi işçi kimi direktordan başqa işçisi olmayıb, lakin həmin dövrdə DSMF hesabatı boş təqdim edilib. Müəssisənin həmin dövrdə heç bir fəaliyyəti olmayıb. Əslində, bu, Əmək Məcəlləsinin müddəalarına görə boşdayanma hesab olunur. Məcəllənin 169.1-ci maddəsinə əsasən, işçinin (direktorun) maaşının üçdə iki hissəsindən az olmayaraq əməkhaqqı hesablanılıb ödənilməli idi. Həmin dövr də daxil olmaqla səyyar vergi yoxlaması zamanı bu məqam diqqətdən yayınıb. Yoxlama başa çatdıqdan sonra isə müəssisə, fərz edək ki, 375 manat məcburi dövlət sosial sığorta haqqı, 5 manat işsizlikdən sığorta haqqı və 20 manat icbari tibbi sığorta hesablamaqla DSMF hesabatını təqdim edib. Bu zaman "AA" müəssisəsi könüllü açıqlama verdiyi üçün ona vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 58-ci maddəsinə əsasən maliyyə sanksiyası tətbiq edilməyəcək.

Bundan əlavə, Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz hesablanmayacaq.

Qeyd edək ki, “The Voluntary Tax Disclosure" Amerika Birləşmiş Ştatlarda bir akt kimi qəbul edilib. Bu akt çərçivəsində müxtəlif vergi ödəyiciləri ilə könüllü vergi açıqlaması anlaşması imzalanır.

 

Satışda olan YENİ nəşrlərimiz:
 

0 Komment

    Şərh yazın

    Xəbərlər