Vergilər Nazirliyindən əmək məzuniyyəti ilə bağlı CAVAB
Sual: Əmək məzuniyyətinə gedən zaman məzuniyyət pulunun avans şəkildə verildiyini nəzərə alsaq, hesablama nə zaman aparılmalıdır? Məzuniyyətə çıxdığı ay ya avans aldığı ay üzrə? Maddəni göstərməklə.
Leyla Əfəndiyeva Nemət, [email protected], Bakı (12.03.2018)
Cavab: Bildiririk ki, məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir.
Eyni zamanda, qanunvericiliyin tələbinə əsasən işçiyə məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilir.
Bu baxımdan da işçinin məzuniyyətə çıxması barədə əmr əsas götürülməklə həmin şəxsin məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı hesablanır, avans şəklində ödənilir, hesablanmış məbləğə uyğun olaraq gəlir vergisi tutulur.
Məzuniyyət götürülən ay başa çatdıqdan sonra məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı ilə həmin ayda işlənmiş günlərin sayına uyğun olaraq hesablanan əmək haqqı məbləği cəmlənir, məzuniyyət haqqı ödənilən zaman hesablanmış vergi məbləği dəqiqləşdirilir.
Onu da qeyd edək ki, əmək məzuniyyətinin günləri müxtəlif aylara təsadüf etdiyi halda məzuniyyət haqqının hər aya düşən hissəsi həmin aylar üçün hesablanan əmək haqqı məbləği ilə cəmlənməklə hər ay üzrə ayrılıqda gəlir vergisi hesablanır.
Bax: Vergi Məcəlləsinin 150.3.1-ci maddəsi və Əmək Məcəlləsinin 140-ci maddəsi.
0 Komment
Şərh yazın