"Asan İmza" ilə bağlı BİLMƏLİ OLMAĞIMIZ 5 VACİB MƏSƏLƏ

"Asan İmza" ilə bağlı BİLMƏLİ OLMAĞIMIZ 5 VACİB MƏSƏLƏ

"Vergilər" qəzetində "Asan İmza"nın üstünlüyü ilə bağlı yazı dərc olunub
 
Azərbaycanda «E-höku­mət»dən mobil hökumətə keçid strategiyasının ən mühüm vasitəsi olan «ASAN imza» müasir dövlət quruculuğunun innovativ platformasıdır. 2013-cü il mayın 1-dən tətbiq olunan «ASAN imza» Vergilər Nazirliyi və ölkədə fəaliyyət göstərən mobil operator tərəfindən verilən, elektron xidmət istifadəçisinin identifikasiyasını, sənədin elektron imzalanmasını və imzalayan şəxsin şəxsiyyətinin müəyyən edilməsini təmin edən elektron xidmətdir. «ASAN imza» mövcud e-xidmətlərin hər birindən istifadəni mümkün edir.
Əldə olunması
 
Fiziki və hüquqi şəxslər SİM kartı əldə etmək üçün əvvəlcə «ASAN xidmət» mərkəzlərində fəaliyyət göstərən «Azercell», «Bakcell» və «Nar» şirkətlərinin «Müştəri xidmətləri mərkəzləri»nə müraciət etməlidirlər. Həmin kartı mobil operatorların öz ofis və müştəri xidmətlərindən də almaq mümkündür. Müraciət edən şəxsə verilmiş SİM kartın üzərində «ASAN imza» PİN kodu çap olunur, həmin kod kartın alt qatında gizlədilir.
Sonra vətəndaşlar elektron imza sertifikatlarını aktivləşdirmək üçün Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzinə (ASXM) müraciət etməlidirlər. Ərizə və digər sənədlərin formaları ilə ASXM-in saytının sənədlər bölməsində tanış olmaq mümkündür.
Ərizə doldurulduqdan sonra ASXM-də təsdiqlənir və məlumat sistemə daxil edilir. Bu prosesin növbəti mərhələsi ASXM-in qeydiyyat operatoru vasitəsilə «ASAN imza»nın müqavilə formasının çap olunmasıdır. Müqavilə formasını imzalamaqla vətəndaşlar «ASAN imza» xidmətinin şərtlərini qəbul edir və sertifikatları təsdiqləyirlər. Beləliklə, sertifikatlar aktivləşdirilir və vətəndaşlar üçün «ASAN imza» xidmətlərindən istifadə etmək mümkünləşir.
 
Növləri
 
«Asan İmza» sertifikatlarının üç növü vardır: fiziki şəxslər (vətəndaşlar) üçün elektron imza sertifikatları, hüquqi və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün elektron imza sertifikatları və dövlət qulluqçuları üçün elektron imza sertifikatları. «ASAN imza» sertifikatları 3 il ərzində etibarlı hesab olunur.
 
Xidmətdən istifadənin dayandırılması
 
İstifadəçi «ASAN imza» üzrə xidmətləri dayandırmaq istədikdə sertifikatı ləğv etməlidir. Bu halda ASXM-ə gedərək sertifikatın ləğvi ilə bağlı ərizə formasını imzalamaq lazım gəlir və bundan sonra sertifikat ləğv olunur.
 
Yeri gəlmişkən, səlahiyyətli dövlət orqanının və ya təmsilçi şirkətin sertifikatları vətəndaşın iştirakı olmadan da ləğv etmək səlahiyyəti var. Belə hal yarandıqda ASXM vətəndaşı dərhal məlumatlandırır.
 
Əhəmiyyəti
 
«ASAN imza» «E-hökumət»in ən yaxşı modeli kimi elektron xidmətlərin genişlənməsinə, biznesin inkişafına, yerli və xarici sahibkarların qeydiyyatının və fəaliyyətinin asanlaşmasına kömək edir. «ASAN imza»nın tətbiqi ilə hüquqi şəxsin onlayn qeydiyyatı prosesinə sərf edilən müddət bir neçə dəfə azalıb. 2018-ci il yanvarın 1-dək vergi ödəyicilərinə verilmiş «ASAN imza» sertifikatlarının ümumi sayı 404 mindən çox olub.
 
Nağdsız ödənişlərə təsiri
 
2015-ci ildə «ASAN imza» mobil elektron imza xidmətinin Hökumət Ödəniş Portalına inteqrasiya edilməsi və vətəndaşların portal vasitəsilə ödənişləri rahat şəkildə həyata keçirməsi (vergilər və digər dövlət rüsumları, ipoteka ödəniş­ləri, kommunal və rabitə xidmətləri və s.) nağdsız ödənişlərin stimullaşdırılmasında mühüm bir vasitə oldu. Növbəti illərdə xidmətlər üzrə rüsumlara görə ödənişlərin real vaxt rejimində elektron formada qəbulunun təmin edilməsi, kommunal və digər xidmət müəssisələri üzrə ödənişlərin aparılması imkanlarının yaradılması, büdcə ödənişlərinin həyata keçirilməsi iqtisadiyyatda nağdsız ödənişlərin həcminin artırılmasına imkan yaradıb.
«ASAN imza» Azərbaycanın ixrac potensialının artırılmasında biznes üçün səmərəli vasitəyə çevrilməkdədir. Bu xidmət «Azexport.az» portalına inteqrasiya edilməklə «Made in Azerbaijan» brendi ilə ixrac olunan məhsulların istehsalçıları ilə dünyanın nüfuzlu biznes nümayəndələri arasında elektron ticarət mübadiləsinin yaradılmasına töhfə verə bilər. 
 
ELBRUS
"Vergilər" qəzeti

1 Komment

  1. Bəhruz 07 Fevral 2022

    Onlayn bizneslə məşğul olarkən şəxsi hesab açarkən Asan imza nömrəsindən istifadə etmək mümkündürmü və heç bir təhlükəsi yoxmu?Adətən şəxsi məlumatları yazarkən telfon nömrəsi də yazılır

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər