Elektron qaimə-faktura mal yükləyəndə mütləq tətbiq olunmalıdır?

Elektron qaimə-faktura mal yükləyəndə mütləq tətbiq olunmalıdır?

Vergilər Nazirliyi elektron qaimə-fakturanın nə zaman təqdim olmasına aydınlıq gətirdi
 
Sual: Bilmək istərdim ki, mal-material aldıqda elektron hesab-faktura alıcıya o anda çap edilib verilməlidir, yoxsa necə gün müddətində elektron hesab-faktura göndərmək olar? 
Bir də alıcı material yüklənib yola salındıqda hansı sənəd ilə yola çıxır? Köhnə qaydada qaimə-faktura yazılıb təqdim edilə bilər?
 
Nigar, [email protected], Bakı (10.01.2018) 
Cavab:  Bildiririk ki, “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”na əsasən ilkin uçot sənədi olan elektron qaimə-faktura bu vergi ödəyicisi tərəfindən malın (işin, xidmətin) alıcısına mal (iş, xidmət) təqdim edilən vaxt verilir.
 
Bununla belə, “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”na uyğun olaraq ilkin uçot sənədləri əməliyyatların baş verdiyi anda, bu mümkün olmadıqda isə əməliyyatlar başa çatdıqdan sonra tərtib edilməlidir.
 
Qeyd olunanlara əsasən müəssisə tərəfindən fasiləsiz olaraq təqdim edilən mallara görə əməliyyatın baş verdiyi anda elektron qaimə-fakturanın təqdim edilməsi mümkün olmadıqda, elektron qaimə-faktura malların təqdim edilməsindən sonra tərtib edilə bilər və bu zaman elektron qaimə-fakturanın “Əlavə qeydlər” sətrində təqdim edilən malların təqdim edilməsinin hansı dövrdə (ayda) həyata keçirilməsi göstərilir.
 
Məlumat üçün bildiririk ki, elektron qaimə-fakturanın tətbiqi hər bir vergi ödəyicisi üçün hal-hazırda məcburi xarakter daşıyır. Bununla belə, həmin şəxslərin elektron qaimə faktura ilə yanaşı kağız şəklində müvafiq sənədin təqdim olunması vergi qanunvericiliyi ilə məhdudlaşdırılmır. 
 
Bax: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyasının 30.01.2017-сi il tarixli Q-01 nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”nın 7.3-cü bəndi.

0 Komment

    Şərh yazın