"Kapitalbank"ın bankomatından oğurluq gündüz vaxtı və qeyri-adi üsulla həyata keçirilib
Ədliyyə, Ekologiya və Təbii Sərvətlər, Vergilər nazirliklərinin yerləşdiyi ərazidə inanılmaz olay qeydə alınıb. Fed.az məlumat verir ki, Günün günorta çağı üzlərinə əlehqaz taxmış iki nəfər Vergilər Nazirliyi yaxınlığındakı Kapital Bankın bankomatına yaxınlaşıblar. Həmin vaxt şübhəliləri görən kassir onlara yaxınlaşıb, nə iş gördüklərini soruşub. Onlar da soyuqqanlılıqla cavab veriblər ki, ''sanepidemstansiya''dan gəlmişik, buraları dərmanlayırıq. Bundan sonra iki şəxs
bankomatın yerləşdiyi köşkü açaraq içəri daxil olublar. Laqonda ilə bankomatı kəsərək içərisindəki 174 min manat pulu oğurlayıblar. Oğurluq olan bankomat bankın öz mühafizəçiləri tərəfindən qorunurmuş. Hazırda hüquq-mühafizə orqanı əməkdaşları əməliyyat-istintaq tədbiri həyata keçirir.
"Kapital Bank" da bankomatlardan birindən oğurluq hadisəsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Bankdan verilən məlumata görə, ötən həftə "Kapital Bank"ın Yasamal filialında (Landau küç., bina 6) bankomata müdaxilə edilib. "Faktla bağlı cinayət işi açılıb və hazırda istintaq gedir. İstintaq gedişatına mane olmamaq üçün, istintaq yekunlaşanadək bu barədə ətraflı məlumat verə bilmərik. İstintaq bitəndən sonra Daxili İşlər Nazirliyi ilə birgə açıqlama verəcəyik", - deyə məlumatda vurğulanıb.
Hazırda polis hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.
0 Komment
Şərh yazın