İşdəki problemi evə gətirməmək üçün nə etmək lazımdır?
Çox aktual və qlobal sualdır. Bugün iş həyatını şəxsi həyatından kənarda tutan adamlara nadir hallarda rast gəlmək olar. Amma ailənin və münasibətlərin sağlam qalması və xoşbəxtlik üçün bunları bir-birindən ayırmaq vacibdir.
İşdəki problemlərin şəxsi həyata gətirilməsi ilə yarana biləcək narahatlıq və çaşqınlıq əsasən yerdəyişmə adlanan psixoloji fenomenin təsirindən yaranır. Yerdəyişmə qeyri-ixtiyari olaraq gərgin emosiyanın aid olduğu ilkin obyektdən (iş yoldaşı, işəgötürən, müştəri və sair) digər bir obyektə (adətən, həyat yoldaşına) köçürülməsidir. İşdə problemi olan adam əksər hallarda özünü iş vaxtı gücsüz hiss edir, vəziyyətə nəzarət edə bilmir. Ona görə də çalışır ki, öz gücünü özündən gücsüz olan başqasına, məsələn evdəkilərə, həyat yoldaşına, uşağına göstərsin.
İnsanın özü ilə səmimi olması çox gözəl xüsusiyyətdir. Bu, sizə hisslərinizin yerdəyişməsinin qarşısını almağa kömək edə bilər. Sadəcə hisslərinizi müəyyənləşdirib problemə ad vermək özü onu həll etməyə və ən azından digərlərinin buna daha anlayışla yanaşmalarına kömək edəcək. Çalışın, özünüzü necə hiss etdiyinizi ucadan söyləyin. Məsələn, “mənim bu axşam kefim yoxdur. Çünki işdə gərgin bir görüş oldu. İşçilərdən biri problem yaradır.” Bunları ucadan söyləmək mənfi emosiyanın daxilinizdən çıxmasına kömək edir və qarşı tərəfin daha anlayışlı olmasını təmin edir.
İndi baxaq görək, özünü dərkdən başqa, hansı digər strategiyalar var ki, işdə olan problemləri şəxsi həyatdan ayrı tutmağa kömək edir? Bəzi adamlar işdən evə gedənə kimi yoldakı vaxtı sakitləşmək, işdə olan problemləri unutmaq və növbəti günə hazırlaşmaq üçün istifadə edirlər. Bəzi insanlara evə gedəndən sonra özləri ilə məşğul olmaq üçün on və yaxud iyirmi dəqiqə vaxt lazım olur. Onlar ailələrindən xahiş edirlər ki, onlara bir az vaxt və yer ayırsınlar ki, ailə həyatına keçid edə bilsinlər. Bir məqamı da deyim ki, narahatlıq hissi keçirən və yaxud da işdə kəskin problemi olan insanlar üçün vaxtını bölmək faydalı olardı. Bunun üstünlüyü ondan ibarətdir ki, siz tamamilə ailənizlə məşğul ola bilərsiniz. Çünki bilirsiniz ki, sonradan işlə bağlı məsələlərə diqqət yetirmək üçün ayrıca vaxtınız olacaq.
Mən hisləri yer dəyişdirən və işdəki problemləri ailəyə gətirən insanların deyəcəyi “bağışla” sözünün gücünə çox inanıram. İnanıram ki, insanlar problem olan şəxsə anlayış göstərəcək və bağışlayacaqlar.
0 Komment
Şərh yazın