POPULYAR MƏMMƏD

POPULYAR MƏMMƏD

Məmməd yanacaqdoldurma məntəqəsində işə düzəlir, maşınlara benzin doldurur. Menecer görür ki, kim benzin doldurmağa gəlirsə - fərqi yoxdur, oğlan olsun, ya qız – Məmmədlə görüşüb öpüşməmiş ordan ayrılmır. Bir dəfə menecerin təəccübdən gözü lap təpəsinə çıxır. Görür ki, tanınmış nazirlərdən birinin maşını benzin doldurmaq üçün məntəqəyə girir. Maşın saxlayan kimi arxa oturacaqda oturan nazir yerə düşüb səmimi şəkildə Məmmədlə görüşüb öpüşür. Menecer daha özünü saxaya bilmir, yaxınlaşır Məmmədə, soruşur ki, bala, sən kimsən ki,  səni hamı tanıyır?

Məmməd forslanır:

- Məni bütün Azərbaycan xalqı, nəinki Azərbaycan ee, İtaliya xalqı da tanıyır.

Menecer gülür:

- Məmməd, məni ələ salırsan?

- Allah eləməsin. İstəyirsən gəl mərcləşək, gedək İtaliyaya. Özün gözünlə gör ki, Roma Papası necə mənim pişvazıma çıxır.

Mərcləşirlər və üz tuturlar İtaliyaya. Gəlib Roma Papasının Vatikandakı iqamətgahına çatanda Məmməd menecerinə deyir ki, məni burda gözlə, gedim Papa ilə görüşüm, çıxacam balkona, amma sən özünü möhkəm tut, yıxılıb eləmə ha.

Məmməd gedəndən heç 10 dəqiqə keçməmiş Papa ilə balkona çıxır. Menecerini salamlayan Məmməd görür ki, dostunun ürəyi getdi, tirtap uzandı yerə. Tez aşağı düşür, onu birtəhər ayıldır, deyir:

- Sənə demədim özünü möhkəm tut?

Menecer gözünü bərəldə-bərəldə:

- Səni Papa ilə gördüyümə görə ürəyim getmədi. Siz balkona çıxanda yanımdan iki nəfər keçirdi, biri o birisinə dedi ki, görən, o Məmmədin yanındakı kimdi?

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər