Bayramınız mübarək!!
Baş redaktor Qalib Toğrulun təqdimatında
Mart ayı nə qədər bayramlarla zəngin olsa, baharın gəlişindən, təbiətin oyanmasından xəbər versə də, çox qəribədir ki, el arasında bir «Mart çıxdı, dərd çıxdı» deyimi var. Yox, bu hələ o demək deyil ki, mart xalqımızın sevmədiyi aydır. Məncə, bu deyimin yeganə bir izahı var. Bütün dövrlərdə qış Azərbaycan xalqı üçün problemli fəsil olub. Əhalisinin çoxunun kənd təsərrüfatı ilə məşğul olduğu (nə qəribə təsadüf: 100-200 il əvvəl də beləydi, indi də belədir) Azərbaycanda qış fəsli iş-güc sarıdan kasadlığı ilə seçilib, ocaqba- şına yığışıb dərviş nağıllarını dinləyə-dinləyə mürgü vurmaqla, əvvəlki aylarda qazanılanı həzmi-rabedən keçirməklə yola verilib.
Hamı bilir ki, qışın «canını müvəqqəti, 9 aylığa tapşırması» bu fəslin sonuncu ayına - marta təsadüf edir. Hər şeyə «100-ə dözən 101-ə də dözər» təfəkkürü ilə yanaşan xalqımız qış üçün tədarük etdiyi istilik və ərzaq ehtiyatının tükəndiyini görəndə özünə təsəlli verib, üç aylıq qışa olan hirsini sonuncunun üstünə töküb: «Ay kasıb, bir az da döz. Bax görəcəksən, mart çıxdı, dərd çıxdı».
Bizim qanımızda bir az «eşşəyə gücü çatmayanda palanı döyəcləmək» də var axı. Qışın oğlan çağının – yanvarın, şaxta, qar sarıdan özündən əvvəlki ayla yarışa girən fevralın xətrinə dəyən bir söz demirik, yaşıllığı, təravəti, gülü-çiçəyi ilə göz oxşayan, qəlb ovsunlayan, adamı sevdalandıran martın könlünü sındırırıq. Bilmirəm, mənim yanaşmam Sizi qane etdimi?
Mart ayı sevəsi, seviləsi aydır. Nahaqdan xanımların bayramı marta təsadüf etmir ki? Bu təsadüfdə də nəsə bir zərurət axtarsam, sözüm uzanacaq. Ona görə də, qısaca, bütün xanımların bayramını kollektivimiz adından təbrik edir, zəriflik, incəlik, namus-qeyrət mücəssəməsi olan analarımıza, bacılarımıza xoşbəxtlik, sağlamlıq və uzun ömür arzulayırıq.
Qarşıdan Novruz bayramı gəlir. Sizə Novruz şirniyyatı - paxlava, şəkərbura kimi şirin-şəkər il keçirməyi arzulayırıq. Qələbələrlə, şad xəbərlərlə dolu bir il. Yeni iliniz mübarək!
0 Komment
Şərh yazın