Maliyyə Naziri Samir Şərifov əmanətlərin qaytarılması ilə bağlı qaranlıq məsələlərə aydınlıq gətirdi
Prezident İlham Əliyev martın 14-də keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında fərman imzalayıb. Bu fərman imzalanandan dərhal sonra ictimaiyyətin böyük marağına səbəb olub. Bütün yaranan suallara aydınlıq gətirmək üçün Maliyyə naziri Samir Şərifov Azərbaycan Dövlət Televiziyasına müsahibə verib:
- Əmanətlərin qaytarılması ilə mübahisəli məsələlər necə həll ediləcək?
- Maliyyə Nazirliyində bununla bağlı komissiya yaradılacaq. Kapital bankda isə xüsusi əlaqələndirmə mərkəzi yaradılacaq. Hər hansı mübahisəli məsələlər və ya bank tərəfindən qaldırılan məsələlər komissiyaya ünvanlanacaq. Məsələn, hər hansı əmanətçinin əlində əmanət kitabçası yoxdursa, lakin o şəxsi hesabı haqda məlumatı və ya şəxsi hesabının nömrəsini bilirsə, onlar bu komissiyaya müraciət edə bilərlər. Lakin həmin müraciətlər xüsusi komissiya tərəfindən araşdırılacaq. Araşdırma nəticəsində həmin əmanətçiyə cavab veriləcək.
- Əmanətlərin nağd şəkildə qaytarılması inflyasiyanı gücləndirə bilərmi?
- Xeyr, biz bunun inflyasiyanın artmasına gətirib çıxarağını hesab etmirik.
- İndeksasiya ilə bağlı məsələ hansısa mübahisə doğura bilərmi?
- Biz bunu indeksasiya adlandırmırıq. Bu, birdəfəlik ödəmədir. Bir daha bu məsələyə qayıtmaq istərdim ki, dövlət bu məsələyə görə məsuliyyət daşımır. Bu, dövlət başçısının siyasi iradəsindən gələn qərardır. Əmanət qalıqları var, yerində qalır, əmanətçilər bu qalıqdan istifadə edə bilərlər. Hər bir əmanət qalığından asılı olaraq birdəfəlik ödəmənin məbləği müəyyən ediləcək. Bu, əmanətçinin müraciəti əsasında ödənəniləcək.
- Sovet dövründə çap edilən əmanət kitabçalarının təhlükəsizlik kodları yoxdur. Saxta əmanətçilər problemi necə həll olunacaq? Bunlara bir komissiyada baxılacaq, yoxsa başqa komissiya yaradılacaq?
- Hesab edirəm ki, buna komissiya vasitəsilə baxılacaq. Məhz buna görə bu komssiyanın tərkibinə müxtəlif dövlət orqanlarının nümayəndələri daxil ediləcək. Mübahisə doğuran hər hansı bir məsələ olduqda, əlbəttə ki, komissiya tərəfindən xüsusi ekspertlər cəlb oluna bilər və s. Bu, mürəkkəb işdir. Əmanətçilərə demək istəyirəm ki, narahat olmasınlar, bütün işlər Kapital bank və eləcə də dövlət qurumlarının nümayəndələri tərəfindən lazımi şəkildə təşkil olunacaq, proses lazımi qaydada həyata keçiriləcək. Hər bir əmanətçi bir daha Azərbaycan dövləti, Azərbaycan prezidentinin onlara olan qayğısını hiss edəcək.
- Birdəfəlik ödəmələrdən vergi tutulacaqmı?
- Xeyr, vergi tutulmayacaq, Vergi Məcələlləsində bu kimi ödəmələrdən vergi tutulması nəzərdə tutulmayıb.
- Birdəfəlik ödəməni almaq üçün əmanətçi müvəkkil banka 2012-ci il 31 dekabr tarixinə qədər müraciət edə bilməsə, həmin müddətdən sonra əmanətçinin müraciətinin taleyi necə olacaq?
- Müddətin göstərilməsində, şübhəsiz ki, müəyyən məqsəd güdülürdü. Burada məqsəd ondan ibarətdir ki, əmanətini almaqda maraqlı olan hər bir əmanətçi onu vaxtında almaqda maraqlı olmalıdır. Yəni 2012-ci ilin 31 dekabr tarixinə kimi Kapital bankın istənilən filialına müraciət etməlidirlər.
Qeyd edim ki, yaxın vaxtlarda Kapital bankın müəyyən filialları və şöbələr şəbəkəsi barədə məlumat veriləcək, bu barədə məlumat xüsusi internet səhifələrində yerləşdiriləcək. Hər bir əmanətçi hansı filiala yaxınlaşmaqla bu hüquqdan yararlana biləcəyini öyrənəcək.
- Azərbaycanda vaxtilə ermənilər də yaşayırdı, biz çox erməni mənşəli vətəndaşlar bu gün də Azərbaycanda yaşayırlar. Onlarla bağlı məsələ necə həll ediləcək?
- Bu gün burada yaşayan erməni mənşəli Azərbaycan vətəndaşları hər bir Azərbaycan vətəndaşı kimi bu hüquqdan istifadə edə bilərlər. Biz burada hər hansı problem görmürük. Burada heç bir ayrı-seçkilik yoxdur. Yəni erməni mənşəli və ya başqa mənşədən olan Azərbaycan vətəndaşları bu hüquqdan istifadə edə bilərlər. Lakin Azərbaycan vətəndaşı olmayan şəxslərə bu hüquq şamil edilmir. Çünki fərmanda da qeyd edildiyi kimi bu, Azərbaycanın 20 il ərzində əldə etdiyi nailiyyətlər, uğurlarında iştirak edən fərdlərə şamil edilir. Bu, prezidentin bugünki vətəndaşlarına hədiyyəsidir. Belə deyək hər hansı bir əncəbi Kapital bankın və yaxud keçmiş SSRİ əmanət bankının müştərisi olduqda, onun şəxsi əmanət hesabı olduqda, şübhəsiz, onların əmanət qalıqları var. Amma bu, onlarla banklar arasında olan münasibətlərdir. Dövlət bu müansibətlərə müdaxilə etmir. Sadəcə Azərbaycan Respublikasının vətəndaşı olan, 1 yanvar 1992-ci il tarixinə əmanəti olan əmanətçilərə birdəfəlik fərdi ödəmənin ödənilməsi nəzərdə tutulur.
0 Komment
Şərh yazın