Peşə bayramı olmayan peşəkarlar
"Monitor Konsaltinq" jurnalının baş redaktoru Qalib Toğrulun təqdimatında
Azərbaycanda mühasiblərin də peşə bayramını qeyd eləməyə haqları var. Necə ki, ölkəmizdə gömrükçülər, vergi işçiləri, səhiyyədə, təhsildə çalışanlar öz peşə bayramlarını qeyd edirlər, eləcə də bu “beyin əməyi, göz nuru” tələb edən dəqiq peşə sahiblərinin də ildə bir gün bir yerə yığışmağa, sevinclərini, dərdlərini bölüşməyə, öz həmkarlarını yada salmağa, ötən günləri xatırlamağa əşhədü-ehtiyacları var. Belə bir günün varlığı qloballaşan, elektronlaşan dünyamızda mühasiblər üçün bir ümid işığı, bir güman yeri olardı. Bu mövzuda oxucumuz Şəhla xanımın vəsilə olduğu məlum müzakirə açılandan sonra bəlli oldu ki, heç də bütün həmkarlarımız belə bir günün təsis olunmasına razı deyil. Təbii ki, bunda daşlaşmış sterotiplərin də rolu var.
Ona görə də sözümün əvvəlində mühasiblər günü ilə bağlı sterotiplərə toxunmaq istəyirəm. Bəzi oxucularımız hesab edirlər ki, biz mühasiblər gününün olması ilə bağlı səsimizi çıxarsaq, onda mühəndislər, proqramçılar, daha nə bilim, kimlər də öz peşə bayramlarını qeyd eləmək üçün məsələ qaldıracaqlar. Birincisi, qoy onlar da öz peşə bayramlarını qeyd eləsinlər, bunun nəyi pisdir ki?! İkincisi isə, mühəndisin, yaxud da hansısa peşə sahibinin mühasibə nə istisi-soyuğu, istəyərlər, bayramlarını qeyd edərlər, istəməzlər eləməzlər. Əgər məsələyə kompleks şəkildə bu məntiqlə yanaşsaq, onda gərək, müəllimlərin, həkimlərin də peşə bayramları olmayaydı.
Qəribədir ki, Azərbaycanda bu cür qədim və lazımlı peşə sahublərinin peşəkar birliyi də yoxdur. Mühasiblərin peşəkar birliklərinin olması sabah bu sahədə çalışanların hüquqlarının qorunması, milli səviyyədə lobbiçiliyinin aparılması, ümumi bilik səviyyəsinin yüksəldilməsi baxımından çox önəmli məsələdir. Hazırda Azərbaycan mühasiblərinin qarşısında duran ən aktual vəzifə Mühasibat Uçotunun Beynəlxalq Standartlarına keçiddir. Bu sahədə mütəxəssislərin azlığı da mühasiblərin təşkilatlanmasını, sahəvi birliklərini yaratmasını zəruri edir. Bu barədə ciddi düşünməyə dəyər. Monitor Konsaltinq jurnalı olaraq həmkarlarımızı bu mövzu ətrafında dərindən düşünməyə dəvət edirik.
Əgər bu gün bizim həqiqi peşəkar birliyimiz olsaydı, yəqin mühasiblər gününün keçirilməsi ilə bağlı məsələnin həlli də o qədər çətin olmazdı. Qurumun belə bir günün təsis olunması ilə bağlı ölkə başçısına müraciəti daha sanballı təsir bağışlayardı. Əgər rəsmi səviyyədə mühasiblər gününün təsis olunması baş tutmasa belə, qonşu ölkələrdə olduğu kimi birlik öz imkanları çərçivəsində mətbuatda, ictimaiyyət arasında təbliğat apara, peşə bayramı üçün müəyyən bir gün təyin edə bilərdi.
Həll edilməli məsələlər nə qədər çox olsa da, bu, bizi qorxutmamalıdır. Nə qədər ki, içimizə yağan qarın soyuğu üzümüzə çıxmayıb, tələsməliyik! Tələsməliyik ki, sabah gec olmasın!
0 Komment
Şərh yazın