Bank fəaliyyəti ilə bağlı hamı maraqlandıra biləcək sualın cavabı
Sual: Fiziki və hüquqi şəxslər banklardakı depozitlərinə görə vergi ödəyirmi? Hansı məbləğli depozitlər və ya onlara hesablanan faizlər vergiyə məruz qala bilər?
Hüquqi şəxslər vergiyə cəlb olunursa, bu hansı növ vergilərə aiddir?
Könül Soltanova
Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 123.1-ci maddəsinin müddəalarına uyğun olaraq istər fiziki şəxslərin, istərsə də hüquqi şəxslərin faiz şəklində əldə etdikləri gəlirlər ödəmə mənbəyində verginin vergitutma obyektini təşkil edir və həmin gəlirlər 10 faiz dərəcə ilə vergiyə cəlb olunur. Lakin vergitutma prosesi müəyyən qədər fərqlənir.
Belə ki, ödəmə mənbəyində vergi tutulan fiziki şəxslərdən və sadələşdirilmiş vergi ödəyicisi olan hüquqi şəxslərin həmin gəlirlərindən bir daha vergi tutulmur və həmin şəxslərdən ödəmə mənbəyində vergi tutulduqdan sonra öz vergi öhdəliklərini yerinə yetirmiş hesab olunurlar.
Mənfəət vergisinin ödəyiciləri isə ödəmə mənbəyində verginin tutulmasına baxmayaraq əldə etdikləri (bank tərəfindən hesablanmış) gəlirin tam məbləğini hesabat ili ərzində əldə olunan gəlirinə daxil etməli, hesabat ilinin nəticələrinə görə büdcəyə hesablanmış mənfəət vergisini ödəmə mənbəyində ödənilən vergi məbləği qədər azaltmalıdırlar.
Xatırladırıq kı, hal-hazırda Azərbaycan Respublikasının “Banklar və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlərin gəlir vergisindən azad edilməsi haqqında” 28 dekabr 2012-ci il tarixli 542-IV nömrəli Qanununa əsasən banklar və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlər 2013-cü il yanvarın 1-dən 1 (bir) il müddətinə gəlir vergisindən azad edilmişdir.
Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı
0 Komment
Şərh yazın