Təsisçi nizamnamə kapitalını artırmaq məqsədilə vəsait ödəyərsə..
Həmin vəsait sadələşdirilmiş verginin obyektdir?
Sual: Salam. Müəssisə sadələşdirilmiş vergi ödəyicisidir. Müəssisənin təsisçisi tərəfindən Nizamnamə kapitalının artırılması məqsədi üçün müəssisəyə nağd vəsait verilmişdir və bu vəsait müəssisənin xəzinəsinə mədaxil olunmuşdur. Qanuna müvafiq olaraq bu məbləğ dövlət qeydiyyatından keçirilmiş və müəssisənin nizamnamə kapitalında müvafiq dəyişikliklər edilmişdir. Sualım ondan ibarətdir ki, təsisçi tərəfindən verilmiş bu vəsait vergi tutulan əməliyyatlara daxildir, yoxsa daxil deyil. Xahiş edirəm sualımı cavablandırasınız. Əvvəlcədən öz minnətdarlığımı bildirirəm.
Vahid Hüseynov
Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 219.1-ci maddəsinə əsasən hesabat dövri ərzində vergi ödəyicisi tərəfindən (avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını həyata keçirən, mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər, habelə idman mərc oyunlarının operatoru və satıcıları istisna olmaqla) təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatın, habelə satışdankənar gəlirlərin (ödəmə mənbəyində vergi tutulmuş gəlirlər istisna edilməklə) həcmi sadələşdirilmiş verginin vergitutma obyektidir.
Müvafiq qaydada rəsmiləşdirmə aparılmaqla təsisçi tərəfindən nizamnamə kapitalına qoyulmuş vəsait öz iqtisadi mahiyyətinə görə malların (işlərin, xidmətlərin) müqabilində alınan hasilata, habelə Vergi Məcəlləsinin 13.2.12-ci maddəsinə uyğun olaraq satışdankənar gəlirlərə aid edilmədiyini nəzərə alaraq həmin vəsait sadələşdirilmiş verginin vergitutma obyekti təşkil etmir.
Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı
0 Komment
Şərh yazın