Vergi Məcəlləsinə yeni dəyişiklikdən sonra icarə haqqı ilə bağlı AKTUAL SUAL

Vergi Məcəlləsinə yeni dəyişiklikdən sonra icarə haqqı ilə bağlı AKTUAL SUAL

"Bazar qiyməti nəzərə alınmaqla" deyildikdə nə nəzərdə tutulur? Bazar qiymətini kimdən sorğulayaq?

Salam.SUAL: Vergi Məcəlləsində 01 yanvar 2013-cü ildə baş vermiş dəyişikliklərlə əlaqədar olaraq, artıq icarə haqqının məbləği müvafiq icra hakimiyyəti orqanı (müvafiq icra hakimiyyəti orqanının səlahiyyətini Nazirlər Kabineti həyata keçirir) tərəfindən deyil, bazar qiyməti ilə müəyyən edilir. Sualım belədir: "bazar qiyməti nəzərə alınmaqla" deyildikdə nə nəzərdə tutulur? Bazar qiymətini kimdən sorğulayaq?
Kamran Məmmədov

Cavab: Bildiririk ki, 30 aprel 1992-ci il tarixli 114 nömrəli “İcarə haqqında” Qanununun 8-ci maddəsinə əsasən icarə haqqının məbləği və ödənilməsi qaydası müqavilədə şərtləndirilir, həm də icarə ödənişinin məbləği icarəyə götürülən əsas fondların dəyəri və vəziyyəti, müəssisənin inkişaf perspektivləri və digər amillər, habelə icarəyə götürülmüş əmlakın istismarından əldə edilməli olan minimum gəlir nəzərə alınmaqla müəyyənləşdirilir.
Vergi Məcəlləsinin 124.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında daşınmaz əmlakın (yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləği Vergi Məcəlləsinin 14-cü maddəsinə uyğun olaraq, bazar qiyməti nəzərə alınmaqla müəyyən edilir.
Vergi Məcəlləsinin 14.2-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işlərin, xidmətlərin) qiyməti tərəflərin əməliyyatda (əqddə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir.
Vergi Məcəlləsinin 14.3.5-ci maddəsinə əsasən Vergi Məcəlləsinin 124.4-cü maddəsinə müvafiq olaraq daşınmaz əmlakın (yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləğinin müəyyən edilməsi zərurəti yarandıqda vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilə bilər.
Vergi Məcəlləsinin 14.6.1.8-ci maddəsinə əsasən işlərin görülməsi, xidmətlərin göstərilməsi, o cümlədən təmir, tikinti, quraşdırma işləri, nəqliyyat, icarə, təhsil, tibb xidmətləri və digər sahələr üzrə bazar qiymətləri müəyyənləşdirilərkən işlərin görüldüyü, xidmətlərin göstərildiyi ərazi, onların keyfiyyət göstəriciləri və qiymətlərə təsir edə bilən digər şərtlər nəzərə alınır.
Vergi Məcəlləsinin 14.9-cu maddəsinə əsasən malın (işin, xidmətin) bazar qiyməti müəyyənləşdirilərkən və təsbit olunarkən malın (işin, xidmətin) bazar qiymətləri və birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından, vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatdan, yaxud reklam mənbələrinin məlumatından və digər müvafiq məlumatlardan istifadə edilir.
Vergi Məcəlləsinin 23.1.14-cü maddəsinə əsasən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada mütəxəssisləri, ekspertləri, tərcüməçiləri, müşahidəçiləri cəlb etmək vergi orqanlarının hüququ, Vergi Məcəlləsinin 24.0.1-ci maddəsinə əsasən isə vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək, vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək vergi orqanlarının vəzifəsidir.
Qeyd olunanlara əsasən vergi orqanı Vergi Məcəlləsinin 124.4-cü maddəsinə müvafiq olaraq daşınmaz əmlakın (yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləğinin müəyyən edilməsi zərurəti yarandıqda, qanunvericilikdə nəzərdə tutulmuş mənbələrdən (rəsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından, vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatdan, yaxud reklam mənbələrinin məlumatından, ekspert rəyindən) istifadə edərək bazar qiymətini müəyyənləşdirə və bu qiymət əsasında daşınmaz əmlak üçün icarə haqqından ödəmə mənbəyində tutulan vergini hesablaya bilər.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər