2 uşağı olan və həyat yoldaşı işləməyən işçiyə güzəşt düşür?

2 uşağı olan və həyat yoldaşı işləməyən işçiyə güzəşt düşür?

Vergilər Nazirliyindən 102.5-ci maddə ilə bağlı maraqlı açıqlama

Sual: Salam. Mən ailəliyəm və iki övladım (2,5 yaş və 11 aylıq) var, yoldaşım isə heç bir yerdə işləmir. Özüm dövlət qulluğunda işləyirəm və bilmək istəyirəm ki, Vergi Məcəlləsinin 102.5-ci maddəsinə əsasən mənim hesablanmış əmək haqqımdan güzəştli vergi tutulmalıdır ya yox?
Asiman Tağıyev

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 102.5-ci maddəsinə əsasən qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılır. Bu qayda uşaqların 18 yaşa, tələbələrin və şagirdlərin 23 yaşa çatdığı ilin sonunadək saxlanılır.
Vergi Məcəlləsinin 102.6-cı maddəsinə uyğun olaraq aşağıdakılar himayədə olanlara aid edilmirlər:
- təqaüd, pensiya və işsizlik müavinəti alan şəxslər (uşaqlardan başqa);
- dövlət təminatında olan şəxslər (texniki-peşə məktəblərinin şagirdləri, uşaq və körpə evlərində tərbiyə alanlar);
- xüsusi məktəblərin şagirdləri və internat evlərində olan, saxlanmasına görə qəyyumlardan haqq alınmayan uşaqlar, habelə tam dövlət təminatındakı məktəblər yanında internatlarda olan uşaqlar.
Vergi Məcəlləsinin 102.8-ci maddəsinə əsasən əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərə Vergi Məcəlləsinin 102.5-ci maddəsinə uyğun olaraq tətbiq olunan vergi güzəştləri hüququ Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə müəyyənləşdirilmiş aşağıda qeyd olunan sənədlər təqdim edildiyi andan yaranır və yalnız fiziki şəxsin əmək kitabçasının olduğu əsas iş yerində həyata keçirilir.
- ər və arvaddan birinin güzəştdən istifadə edib-etməməsi barədə onların əsas iş yerindən işəgötürənin arayışı;
- Azərbaycan Respublikası Vergilər Nazirliyinin təsdiq etdiyi formada yerli icra hakimiyyəti və ya bələdiyyələr tərəfindən verilmiş arayışları.
Göstərilənlərə əsasən himayənizdə 2 azyaşlı uşağınız olduqda və həyat yoldaşınız işləmədiyi halda yuxarıda qeyd edilən güzəşt hüququnun təsdiq edən sənədləri əmək kitabçanızın olduğu əsas iş yerinə təqdim etdiyiniz təqdirdə Vergi Məcəlləsinin 102.5-ci maddəsindəki vergi güzəştindən istifadə edə bilərsiniz.
Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı

1 Komment

  1. Aynur 25 Yanvar 2022

    Salam mən semkir rayon merkezi xestexanasında çalışıram iki azyaşlı uşağım var biri iflicdi yatax xestesi.yoldasimda islemir.

Şərh yazın