Muzdlu vergi bəyannaməsinin doldurulması ilə AKTUAL Suala CAVAB
Lazımi sənədələri Vergilər Departamentinin Bəyannamələr bölməsinə dəfələrlə təqdim etmişik. Lakin buna baxmayaraq hər ay bizə elektron variantla məktub göndərilir ki, biz qanunu pozaraq həmin iki işçini işdən azad etmişik və onları işçi sayına əlavə etməliyik....
Sual: Salam. Mənim sualım işçi sayı ilə əlaqədardır. İnstititutun 2 əməkdaşı doğuşla əlaqədar sosial ödənişli məzuniyyətə çıxmışdır. Aylıq verdiyimiz vergi bəyannaməsinin «Muzdlu işlə əlaqədar verginin hesablanması» bölməsində həmin iki işçiyə əmək haqqı hesablanmadığı üçün işçi sayında bununla əlaqədar azalma yaranmışdır. 2 işçi işdən azad olunmamışdır - doğuşla əlaqədar sosial ödənişli məzuniyyətə çıxıblar. Lazımi sənədələri Vergilər Departamentinin Bəyannamələr bölməsinə dəfələrlə təqdim etmişik. Lakin buna baxmayaraq hər ay bizə elektron variantla məktub göndərilir ki, biz qanunu pozaraq həmin iki işçini işdən azad etmişik və onları işçi sayına əlavə etməliyik. Mənim bildiyimə görə vergi bəyannaməsinin «Muzdlu işlə əlaqədar verginin hesablanması» bölməsində faktiki işləyən işçilərin sayı, onlara hesablanmış əmək haqqı və əmək haqqından tutulan gəlir vergisi göstərilməlidir. Mən nəyə əsasən sosial ödənişli məzuniyyətdə olan və əmək haqqı hesablanmayan işçini faktiki işçi sayına əlavə etməliyəm? Bu zaman əmək haqqı hesablanmayan işçi sayı orta əmək haqqının azalmasına səbəb olur. Bu doğru olarmı?
Əlişanova Sevda
Cavab: Bildiririk ki, Vergilər Nazirinin 10 dekabr 2009-cu il tarixli 0917040101142300 №–-li Əmri ilə təsdiq edilmiş “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”nin tərtib edilməsi Qaydasına əsasən “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”nin “Vergi ödəyicisi haqqında ümumi məlumat” adlanan Bölməinin 8 №–-li “Muzdlu işə cəlb olunmuş işçilərin sayı” adlı sətrində vergi ödəyicisinin muzdlu işə cəlb etdiyi işçilərin sayı qeyd olunur.
Əmək qanunvericiliyinə əsasən işçi məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və Əmək Məcəlləsində nəzərdə tutulmuş hallarda orta əmək haqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir (Əmək Məcəlləsi, maddə 111).
Odur ki, hamiləliyə və doğuma görə məzuniyyətə çıxmış işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilmədiyi üçün həmin işçi müəssisənin işçisi sayılmaqla onun barəsində məlumat da müvafiq bəyannamənin “Vergi ödəyicisi barədə ümumi məlumatlar” bölməsinin «Muzdlu işə cəlb olunmuş işçilərin sayı» adlı 8-ci sətrinə daxil edilməlidir.
Bununla belə qeyd olunmalıdır ki, «Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi»nin 8-ci «Muzdlu işə cəlb olunmuş işçilərin sayı» adlı sətrində vergi ödəyicisinin muzdlu işə cəlb etdiyi işçilərin sayı dedikdə hesabat dövründə bütün aylar üzrə işçilərin sayını toplayıb ayların sayına bölməklə alınan işçi sayı nəzərdə tutulur.
Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı
0 Komment
Şərh yazın