İdxal vaxtı ƏDV-dən azad olunan əməliyyatla bağlı aktual sual
Hansı tip məhsullar və nə qədər müddətə ƏDV-dən azad olunmalıdır?
Sual: Azərbaycan Respublikasında ərzaqlıq buğda satışının ƏDV-yə cəlb olunub-olunmaması haqqında məlumat verməyinizi Sizdən xahiş edirəm.
Fərhad Allahverdiyev
Cavab: Bildiririk ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 yanvar tarixli 11 nömrəli qərarında dəyişiklik edilməsi barədə” 24 sentyabr 2012-ci il tarixli 210 nömrəli Qərarının 1-ci bəndi ilə “Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 yanvar tarixli 11 nömrəli qərarına əlavədə - Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 220 nömrəli Qərarı ilə təsdiq edilmiş mətndə “Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısında “Qrup 19-dan” sətrindən əvvəl “Qrup 10-dan - 1001 buğda və meslin” və “Qrup 11-dən - 1101 00 buğda unu və ya buğda-çovdar unu” sətirləri əlavə edilmişdir. Qərarın 2-ci bəndinə əsasən bu Qərar dərc edildiyi gündən qüvvəyə minir və 1 (bir) il müddətində qüvvədədir.
Bununla yanaşı, “Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında” Azərbaycan Respublikasının 2001-ci il 27 noyabr tarixli, 222-IIQ nömrəli Qanununa və bu Qanunla müəyyən edilmiş vergi güzəştlərinin qüvvədə olma müddətinin uzadılması barədə Azərbaycan Respublikasının 2008-ci il 25 noyabr tarixli Qanununa əsasən kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquqi və fiziki şəxslər 1 yanvar 2014-cü il tarixinədək Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş əlavə dəyər vergisini ödəməkdən azaddırlar.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin adı çəkilən Qərarının qüvvəsi 25 sentyabr 2012-ci il tarixdən başlayaraq respublika ərazisinə gətirilən buğda və meslinin, buğda unu və ya buğda-çovdar ununun, kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən respublika ərazisində yetişdirilən buğda və meslinin, onların emalından alınan buğda unu və ya buğda-çovdar ununun və bu unlardan istehsal olunan çörəyin təqdim edilməsinə ƏDV-nin tətbiqinə də 1 (bir) il müddətinə şamil olunur.
Eyni zamanda bildiririk ki, buğda və meslinin emalından alınan un və bu undan istehsal olunan çörək istisna olmaqla digər bütün məhsulların, o cümlədən unlu məmulatların təqdim edilməsi Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş ümumi qaydada ƏDV-yə cəlb edilir.
Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı
0 Komment
Şərh yazın