Müəssisədə təsisçinin saynın artırılması hansı halda mümkündür?
Yeni təsisçinin qəbul edilməsi hansı vergi öhdəlikləri yaranır?
Salam.Sual. Müəssisədə olan təsisçilərin sayının artırılması mümkündürmü və bu mümkündürsə, bu proses necə olur bunu öyrənmək istərdim. Öncədən minnətdarlığımı bildirirəm .
Asif Əhmədov
Cavab: Bildiririk ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 12 dekabr 2003-cü il tarixli 560-IIQ nömrəli Qanununun müddəalarına uyğun olaraq hüquqi şəxsin hər bir təsisçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri, təsisçi hüquqi şəxsdirsə, onun adı, hüquqi ünvanı və qeydiyyatı, məhdud məsuliyyətli cəmiyyətdə və səhmdar cəmiyyətində nizamnamə kapitalının miqdarı, hər bir təsisçinin mayasının miqdarı barədə məlumatlar həmin hüquqi şəxsin dövlət reyestrinə daxil edilən məlumatlarını təşkil edir və bu məlumatlardakı hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır.
Dəyişiklik bu Qanunun 11.3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı (Vergilər Nazirliyi) 5 gün müddətində dəyişikliyi qeydiyyata alır.
Vergi Məcəlləsinin 34.3-cü maddəsinə əsasən isə vergi ödəyicisi vergi orqanında uçota alınmaq üçün verdiyi ərizə formasında olan məlumatlarda hər hansı dəyişiklik baş verdikdə, dəyişiklik baş verən gündən 40 gün müddətində vergi orqanına məlumat verməlidir.
Odur ki, tərəfinizdən müvafiq sənədlər əlavə etməklə (yeni təsisçinin qəbul olunması barədə qərar, nizamnaməyə dəyişiklik edilməsi barədə qərar və s.) “Kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında ərizə”nin və ərizəyə əlavənin (“Təsisçi-fiziki şəxslər barədə məlumat”ın) müvafiq xanaları doldurulmaqla təsis edilmiş hüquqi şəxsin hüquqi ünvanı üzrə vergi orqanına (Bakı şəhərində Bakı şəhəri Vergilər Departamentinin H. Əliyev prospekti, 105 ünvanda yerləşən “Kommersiya hüquqi şəxslərin qeydiyyatı idarəsi”nə) müraciət edilməlidir.
Ərizə formasını Vergilər Nazirliyinin rəsmi internet səhifəsinin “Bir pəncərə” bölməsinə daxil olaraq “Ərizə və arayış formaları” alt bölümünə keçməklə əldə edə bilərsiniz.
Əlavə olaraq xatırladırıq ki, yeni təsisçinin qəbul edilməsi ilə əvvəlki cəmiyyət iştirakçısının payının bir hissəsi üçüncü şəxsə özgəninkiləşdirildikdə, Mülki Məcəllənin 64.1-ci, 90-1.2-ci, 96.1-ci maddələrinin və Vergi Məcəlləsinin 13.2.16-cı, 99.3.8-ci, 104-cü maddələrinin müddəalarına əsasən bu əməliyyat zamanı müvafiq vergi öhdəlikləri də yaranır, yəni təsis payını təqdim edən şəxs (şəxslər qrupu) aktivlərin real dəyərini nəzərə almaqla gəlir (və ya mənfəət) vergisini hesablayaraq dövlət büdcəsinə ödəməlidir.
Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı
0 Komment
Şərh yazın