Xidmət sferasına ödənişə görə çek öncədən yoxsa xidmət başa çatdıqdan sonra vurulmalıdır?
Vergilər Nazirliyi düzgün variantı izah edir
Sual: Hörmətli Vergilər Nazirliyi. Soruşmaq istərdim ki, xidmət göstərilən obyektdə nağd pulu xəzinəyə verdim. Əvəzində çek istədikdə mənə dedilər ki, nə vaxt xidmət saatı tam qurtaracaq onda sizin çeki kassa aparatına vuracam və çeki sizə verəcəm. Bu isə təxminən 1 saatdan çox çəkdi. Xahiş edirəm bunun nə dərəcədə düzgün olub-olmaması barədə mənə məlumat verərdiniz.
Məmmədov Cəfər
Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 50.7.-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində nağd pul hesablaşmaları aparan vergi ödəyiciləri (16.1.8-ci maddədəki fəaliyyət növləri istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının (Nazirlər Kabinetinin ) müəyyən etdiyi qaydada nəzarət-kassa aparatları vasitəsilə belə hesablaşmaları həyata keçirirlər.
Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində nəzarət-kassa aparatlarının tətbiq olunması haqqında” 28 dekabr 1995-ci il tarixli 266 nömrəli Qərarının 9-cü maddəsinin müddəalarına əsasən Nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek təqdim etmək və həmin çekdə qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək Nəzarət-kassa aparatları istehlakçısının vəzifələrinə aid edilmişdir, əhali ilə pul hesablaşmasını apararkən NKA-dan istifadə etmədikdə və ya alıcıya çek vermədikdə nəzarət-kassa aparatlarının istehlakçısı Azərbaycan Respublikasının mövcud qanunları ilə cavabdehdir.
Göründüyü kimi, nağd ödəniş aparılarkən alınmış məbləğ NKA-ya vurulmalı və ödənişi edən şəxsə ödənişin aparılmasını təsdiq edən NKA çeki təqdim olunmalıdır. Qeyd olunan qaydada nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına görə isə vergi ödəyicisinə Vergi Məcəlləsinin 58.7-ci maddəsində göstərilən qaydada maliyyə sanksiyası tətbiq olunmalıdır.
Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı
0 Komment
Şərh yazın