İşçinin icarə haqqını işəgötürən təmin edirsə...

İşçinin icarə haqqını işəgötürən təmin edirsə...

Bu zaman icarə haqqı xarici işçinin muzdlu işdən gəliri kimi nəzərdə tutulacaq?

Sual: Salam. Sizə bir sualla müraciət etmək istərdim. Xarici işçinin şirkət (yəni işəgötürən) tərəfindən mənzillə (icarə) təmin olunması onun əmək müqaviləsində qeyd olunmuşdursa, bu zaman icarə haqqı xarici işçinin muzdlu işdən gəliri kimi nəzərdə tutulacaq? Qeyd etmək istəyirəm ki, icarə haqqı nağdsız qaydada birbaşa icarəyəverənin hesabına köçürüləcək.
Çingiz Əliyev

Cavab:  Bildiririk ki, Vergi Məcəlləsinin 98.5-ci maddəsinə əsasən işə götürən tərəfindən işçilərin əyləncə və yemək xərclərinin, habelə mənzil və digər sosial xarakterli xərclərinin çəkilməsinin nəticəsi kimi əldə edilən gəlir vergi tutulan gəlirə aid deyildir.
Eyni zamanda hasilatın pay bölgüsü haqqında sazişlərə uyğun olaraq xarici əməkdaşların vergiyə cəlb olunması haqqında imzalanmış protokollarda da nəzərdə tutulur ki, xarici əməkdaşların əyləncə və ya yemək xərclərinin, habelə mənzil və ya digər sosial xarakterli xərclərinin işverən tərəfindən ödənilməsi əməkdaşların vergitutulan gəlirinə aid edilmir.
Lakin Vergi Məcəlləsinin 98.2.3-cü maddəsi ilə işçinin xərclərinin əvəzi ödənildiyi halda - ödənilən vəsaitin məbləği muzdlu işlə əlaqədar alınan gəlirə aid edilir.
Müvafiq olaraq «xərclərin çəkilməsinin nəticəsi kimi əldə edilən gəlir» ifadəsi məhz işəgötürən tərəfindən mənfəət vergisi çıxıldıqdan sonra qalan xalis mənfəət hesabına işçilərin sosial xarakterli xərclərinin, o cümlədən də mənzil xərclərinin həmin mal, iş və xidməti təqdim edən şəxslərə birbaşa nağdsız qaydada ödənilməsi, gəlir vergisi üzrə vergitutma obyekti yaratmadığını bildirir.
Əks halda, yəni pul vəsaiti həmin xərclərin əvəzin ödənilməsi üçün işçinin özünə birbaşa verildikdə və ya onun bank hesabına köçürüldüyü halda bu məbləğ işçinin muzdlu işlə əlaqədar alınan gəlirinə daxil edilərək ümumi qaydada ödəmə mənbəyində işəgötürən tərəfindən gəlir vergisinə cəlb olunur.
Eyni zamanda, işçilərə ödənilən mənzil və digər sosial xarakterli xərclər Vergi Məcəlləsinin 109.3-cü maddəsinə əsasən gəlirdən çıxılmayan xərclərə aid edildiyindən, həmin xərclər yalnız sərbəst mənfəət hesabına verilə bilər.
Əlavə olaraq onu da nəzərinizə çatdırırıq ki, əmlakını icarəyə verən fiziki şəxsə icarə haqqı bilavasitə vergi ödəyicisi olan işəgötürən tərəfindən ödənildikdə, Vergi Məcəlləsinin 124-cü maddəsinə uyğun olaraq işəgötürənin ödədiyi həmin icarə haqqından ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulmalı, hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi” təqdim edilməklə tutulmuş verginin məbləği həmin müddətdə dövlət büdcəsinə ödəməlidir.

Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər