Vergilər Nazirliyinə maraqlı sual verildi

Vergilər Nazirliyinə maraqlı sual verildi

“Mənə gəlib deyirlər ki, vergi işçisi ki, sən 15-20 manat vergi keçir... Mən bu sahənin rəisiyəm, mən deyirəmsə deməli nəsə var ki, deyirəm..”

Sual: Salam. Mənə gəlib deyirlər ki, vergi işçisi ki, sən 15-20 manat vergi keçir. Mən isə deyirəm ki, nəyə görə keçirim bu qədər. Axı mənim gəlirim heç aya 400-500 manat eləmir axı. Deyir ki, mən bu sahənin rəisiyəm, mən deyirəmsə deməli nəsə var ki, deyirəm. Xahiş edirəm ki, bu sualıma cavab verəsiniz. Mən ayda nə qədər pul keçirim? Hal-hazırda ayda 4 manat keçirirəm. Diqqətinizə görə təşəkkür.

Məmmədov Mahir

Cavab: Bildiririk ki, fiziki şəxs kimi sahibkarlıq fəaliyyətinizin həyata keçirilməsi nəticəsində əldə etdiyiniz gəlirlərinizdən Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq tətbiq etdiyiniz vergitutma sistemindən və vergiyə cəlb edilən dövriyyənizdən asılı olaraq müstəqil surətdə müvafiq vergiləri ümumi qaydada hesablamalı, qanunvericiliklə nəzərdə tutulan müddətdə müvafiq bəyannamələri vergi orqanına təqdim etməklə hesablanmış vergiləri büdcəyə ödəməlisiniz.

Bu zaman vergi tutulan əməliyyatlarınızın həcmindən və istəyinizdən asılı olaraq Sizi qane edən vergitutma sistemini seçərək sadələşdirilmiş verginin və ya gəlir vergisinin ödəyicisi kimi fəaliyyət göstərə bilərsiniz.

Belə ki, seçiminizi sadələşdirilmiş verginin xeyrinə edən hesabat rübü ərzində təqdim etdiyiniz mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə etdiyiniz ümumi hasilatın, habelə satışdankənar gəlirlərinizin həcminə (ƏDV məqsədləri üçün qeydiyyata alınmamısınızsa və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarınızın həcmi 120.000 manat və ondan az olduqda) Bakı şəhərində 4 faiz, digər regionlarda isə 2 faiz tətbiq etməklə sadələşdirilmiş vergini hesablamalı, hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq “Sadələşdirilmiş verginin bəyannaməsi”ni qeydiyyatda olduğunuz vergi orqanına təqdim etməklə həmin müddətdə də hesablanmış vergini dövlət büdcəsinə ödəməlisiniz. Sadələşdirilmiş vergi ödəyicisi olan fiziki şəxs bu fəaliyyət üzrə gəlir vergisindən və ƏDV-dən azad edilərək yalnız sadələşdirilmiş vergini dövlət büdcəsinə ödəyir.

Sadələşdirilmiş vergitutma sistemindən imtina edərək, seçiminizi gəlir vergisinin xeyrinə edən hesabat ili ərzində əldə etdiyiniz vergi tutulan gəlirinizdən, yəni əldə olunan gəlirlərlə bu gəlirlərin əldə olunmasına çəkilən və qanunvericiliyə uyğun olaraq gəlirdən çıxıla bilən xərclərin fərqindən 20 faiz dərəcə ilə gəlir vergisini hesablamalı, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni qeydiyyatda olduğunuz vergi orqanına təqdim etməklə hesablanmış gəlir vergisinin dövlət büdcəsinə ödəməlisiniz.

Bununla belə xatırlatmaq istərdik ki, Vergi Məcəlləsinin 62-ci maddəsinə əsasən vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə şikayət edilə bilər.

Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər