Möhürsüz ciddi hesabat blankı etibarsız hesab edilir?
Ciddi hesabat blankında hansı göstəricilər mütləq olmalıdır?
Sual: Salam. Xahiş edirəm, aşağıdakı sualları cavablandırasınız:
1) Üstündə gerb, seriya və nömrə, pulu qəbul edən müəssisənin adı və VÖEN-i qeyd edilmiş "kassa-mədaxil qəbzi" ciddi hesabat blankı sayılır?
2) Əgər adı çəkilən sənəd vasitəsilə müəssisənin hesabına mədaxil edilibsə, amma sənədin üzərinə müəssisənin möhürü vurulmayıbsa, sənədin etibarsız sayılması üçün əsas verir? Konkret olaraq misal göstərmək istəyirəm ki, tərəfimdən "N" müəssisəsinə ödəniş edilib. Amma mənə təqdim edilən qəbzdə möhür olmadığı üçün mədaxil qəbzini təqdim etdiyim digər müəssisələr qəbzin etibarsız olduğunu bildirir. Halbuki qəbzin üzərində gerb, seriya və nömrə, həmçinin digər vacib məlumatlar öz əksini tapır.
Cavab: Bildiririk ki, Nazirlər Kabinetinin 27 avqust 2004-cü il tarixli 118 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları»n 2.1-ci maddəsinə əsasən ciddi hesabat blankları iş xüsusiyyətlərinə uyğun olaraq özündə aşağıdakı zəruri rekvizitləri əks etdirməlidir:
blanklarının sifarişçisi fiziki şəxs olduqda onun adı, atasının adı, soyadı və VÖEN-i, hüquqi şəxs olduqda adı və VÖEN-i;
blanklarını çap edən şəxsin adı və VÖEN-i, bu blankları təkrar çapdan müdafiə etmək məqsədi ilə gizli nişanları (xüsusi emblemi, toru, qoloqramı, su nişanları, xüsusi gizli nişanlarından istifadə etməklə, blankların müxtəlif yerlərində şəxsin adı və VÖEN-i);
ciddi hesabat blanklarının adı, seriya və nömrəsi;
- təsərrüfat əməliyyatlarının məzmununu və ölçülərini əks etdirən məlumat qrafaları.
Qaydaların 3.2-ci maddəsinə əsasən ciddi hesabat blanklarını onlara oxşar rekvizitlərə malik olan, ciddi hesabat blankları sayılmayan ilkin uçot sənədləri ilə əvəz etmək yol verilmir.
Göründüyü kimi, qeyd olunan meyarlara uyğun gələn, Maliyyə Nazirliyindən xüsusi razılıq almış mətbəədə nəşr olunan sənədlər ciddi hesabat blankları hesab olunur.
Eyni zamanda, mövcud qanunvericiliyə uyğun olaraq identifikləşdirən alətlərdən biri də məhz hüquqi şəxsin möhürü olduğunu nəzərə alaraq bildiririk ki, hüquqi şəxs tərəfindən ciddi hesabat blanklarında xüsusi qeyd olunan yerdə möhürünün vurulması zəruridir.
Mənbə: Vergilər nazirliyinin rəsmi veb saytı
0 Komment
Şərh yazın