Hüquqi şəxs ərizədə qeyd etdiyi fəaliyyətlə məşğul olmasa...
Vergilər Nazirliyinin bu məsələ baxışı və maliyyə sanksiyası haqqında məlumat
Sual: Hüquqi şəxs qeydiyyata alınarkən elan olunmuş fəaliyyət növü ilə məşğul olmadıqda bu hansı problemlər yarada bilər? Problem yaranmaması üçün hansı addımlar atılmalıdır?
Səlimov Dəyanət
Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 33.1-ci maddəsinə uyğun olaraq vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə vergi ödəyicisi olan hüquqi şəxslər olduqları yer (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan) üzrə vergi orqanlarında uçota alınır.
Kommersiya hüquqi şəxslərinin vergi uçotuna alınması həmin şəxslərin dövlət qeydiyyatı ilə paralel olaraq həyata keçirilir və bu zaman vergi ödəyicisi tərəfindən “Kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında ərizə” formasının müvafiq xanaları doldurulmaqla vergi orqanına təqdim edilir. Ərizədə göstərilənlərin düzgünlüyünə isə vergi ödəyicisi (onun rəhbəri) cavabdehlik daşıyır.
Müvafiq olaraq da göstərilən ərizədə qeyd olunan fəaliyyət növü ilə məşğul olmayan şəxs faktiki olaraq vergi nəzarətinin təmin olunmasından yayınmış olur.
Bununla belə, vergi ödəyicisi vergi orqanında uçota alınmaq üçün verdiyi ərizə formasında olan məlumatlarda hər hansı dəyişiklik baş verdikdə, dəyişiklik baş verən gündən 40 gün müddətində vergi orqanına məlumat verməlidir (maddə 34.3).
Müvafiq ərizəni hər hansı səbəbdən təqdim etməyən şəxslərə isə Vergi Məcəlləsinin 58.2-ci maddəsinə uyğun olaraq 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı
0 Komment
Şərh yazın