Güzəşt hüququ verən sənəd gec təqdim olunsa, əvvəlki tutulmaları geri qaytarmaq olar?
"Doğru cavab" rubrikasında sualları sərbəst auditor Altay Cəfərov cavablandırır
Sual: - Sizə sualım ondan ibarətdir ki, 2007-ci ilin yanvar ayında işə başlayan işçi 2012-ci ilin dekabr ayında gəlir vergisindən güzəşt almaq üçün Qarabağ müharibəsi veteranı olması haqqında sənəd təqdim edibsə, əvvəlki illərin güzəştini qaytarmaq mümkündürmü ?
Cavab: - Sualın cavabı Vergi Məcəlləsindədir. Məcəllənin 102-ci maddəsində yazılıb:
102.8. Əməkhaqqıdan tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan yaranır və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir.
Məsələyə üç formada yanaşmaq lazımdır. Birinci hal. İşçi faktiki olaraq 90-cı illərdə baş vermiş Qarabağ müharibəsinin veteranıdır, ancaq veteranlıq haqqında sənədi sonradan, 2012-ci ildə alıb. Bu zaman onun konkret güzəşt hüququ bu tarixdən yaranır. Maddədə konkret yazılıb ki, sənədin verilməsi vaxtından.
İkinci hal. İşçi 2007-ci ildən işləyir və həmin vaxtdan veteranlıq sənədi var, amma iş yerinə 2012-ci ilin dekabrında təqdim edib. Bu zaman da güzəşt dekabrdan yaranacaq, ona görə ki, işçi sənədi gec təqdim edib.
Daha bir hal. İşçi sənədi vaxtında versə də, təşkilat ona güzəşt tətbiq etməyib. Bu zaman işçi məhkəmə qaydasında səhvən son 1 il üçün əmək haqqınızdan tutulmuş gəlir vergisini geri ala bilər. Əgər təşkilat tərəfindən işçinin hüququ pozularsa, o hüququnun pozulduğunu biləndən 1 il müddətində məhkəmə iddiası qaldıra bilər. Amma sizin sizin halınızda - səhlənkarlığınız və bilməyərəkdən sənədin təqdim olunmaması zamanı üçüncü hal yaranmır.
0 Komment
Şərh yazın