Agent sadələşdirilmiş vergini necə ödəməlidir?
Sual: Mən MMC-nin nəzdində olan Aviabilet satılan kassada mühasib işləyirəm. MMC sadələşdirilmiş vergi ödəyicisidir. MMC həmin aviabiletləri ona təqdim edilən qiymətə satır və ayın axırında satılmış biletlərini həmin təşkilata ödəyəndə təşkilat MMC-yə 5% güzəşt edir və həmin məbləğ MMC-nin gəliri sayılır. (bağlanmış müqaviləyə əsasən MMC broker rolunu oynayır). Bilmək istərdim ki, həmin gəliri sadələşdirilmiş vergi hesabat bəyannaməsində göstərməliyəm, yaxud bilet neçəyə satılıbsa həmin məbləğ göstərilməlidir? Xahiş edirəm bu haqda mənə məlumat verəsiniz.
Zahid Səttarov
Cavab: Bildiririk ki, Mülki Məcəllənin 42-ci fəslinin müddəalarına uyğun olaraq ticarət nümayəndəsi (agent) haqqında müqaviləyə görə, sənətkarlıq şəklində müstəqil fəaliyyətlə məşğul olan şəxs (ticarət agenti) alqı-satqı müqavilələrinin, habelə xidmətlər yaradılmasına dair müqavilələrin (ticarət əqdlərinin) bağlanmasında hər hansı istehsalçının, sənayeçinin və ya tacirin (tapşıranın) adından və hesabına vasitəçilik xidmətləri göstərə və (və ya) bunları bağlaya bilər, bunun müqabilində də sabit aylıq və (və ya) əqdlərin dövriyyəsindən və ya miqdarından asılı (komisyon) muzd ala bilər.
Vergi Məcəlləsinin 219.1-ci maddəsinə uyğun olaraq sadələşdirilmiş verginin ödəyicisi tərəfindən (avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində daşımaları həyata keçirən, mənzil tikintisi fəaliyyəti ilə məşğul olan və idman mərc oyunlarının operatoru və satıcıları olan şəxslər istisna olmaqla) hesabat dövrü ərzində təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatın, habelə satışdankənar gəlirlərin (ödəmə mənbəyində vergi tutulmuş gəlirlər istisna edilməklə) həcmi sadələşdirilmiş verginin vergitutma obyekti sayılır.
Müvafiq olaraq agent müqaviləsi əsasında aviabiletlərin satışını həyata keçirən sadələşdirilmiş vergi ödəyicisi üçün aviabiletlərin satışı üzrə həyata keçirdiyi xidmətlərin müqabilində əldə olunan mükafatın məbləği sadələşdirilmiş verginin vergitutma obyektini təşkil edir.
Mənbə: Vergilər Nazirliyi
0 Komment
Şərh yazın