ƏDV ÖDƏYİCİLƏRİ, BU MƏLUMATI MÜTLƏQ OXUYUN
Yeni dəyişiklikdən sonra ƏDV üçün 12 aylıq dövriyyəni Vergilər Nazirliyi izah edir....
Sual: Hörmətli cənablar. Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən 155.1-ci maddə yeni məzmunda verilmişdir. Bu baxımdan qeyd edilən, "Sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 120.000 manatdan artıq olan şəxslər" cümləsinə aydınlıq gətirməyinizi xahiş edirik. Sualımız bundan ibarətdir ki, ardıcıl 12 aylıq dövrü üçün, yeni qanunun qüvvəyə mindiyi gündən əvvəlki 12 ay dövrü nəzərdə tutula bilər? Yoxsa, 120.000 manat həddi üçün, yeni qanunun qüvvəyə mindiyi gündən əvvəlki son 12 ay dövrü nəzərə alınmır, çünki 2012-ci ilin sonuna qədər bu hədlər 150.000 manat və 90.000 manat məbləğində idi? Və əgər nəzərə alınmırsa, 120.000 manat həddi üçün son 12 aylıq dövr, 2013-cü ilin sonunda yaranır? Belə olduğu halda, 2013-cü ilin altıncı ayın sonunda (misal üçün) 120.000 manat həddi hesablaması üçün son altı ay nəzərdə tutulacaqdır? Xahiş edirik ki, sualımıza dolğun cavab verəsiniz. Əvvəlcədən təşəkkür edirik!
Babayev Orxan Tələt oğlu
Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 01.01.2013-cü il tarixədək qüvvədə olan 155.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövr ərzində vergi tutulan əməliyyatların həcmi 150000 manatdan artıq olan hüquqi və 90000 manatdan artıq olan fiziki şəxslər (Vergi Məcəlləsinin 218.1.1.1-ci maddəsində göstərilənlər istisna olmaqla) həmin dövr başa çatdıqdan sonra 10 gün ərzində vergi orqanına ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur.
Vergi Məcəlləsinin 01.01.2013-cü il tarixdən qüvvədə olan 155.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 120.000 manatdan artıq olan şəxslər (Vergi Məcəlləsinin 218.1.1.1-ci və 218.1.1.3-cü maddələrində göstərilənlər istisna olmaqla) Vergi Məcəlləsinin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur.
Göründüyü kimi Vergi Məcəlləsinin qüvvədə olan 155.1-ci maddəsinə əsasən 2012-ci və 2013-cü illəri əhatə edən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 120.000 manatdan artıq olan şəxslər növbəti ayın 1-dən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur.
Qeyd olunanlara əsasən vergi ödəyicisinin 01.01.2013-cü il tarixdən əvvəlki ardıcıl 12 ay ərzində vergi tutulan əməliyyatlarının həcmi 120. 000 manatdan artıq olduğu halda həmin vergi ödəyicisi 01.01.2013-cü il tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Həmin şəxslərin ƏDV-nin məqsədləri üçün qeydiyyatı 01.01.2013-cü il tarixdən qüvvəyə minir.
0 Komment
Şərh yazın