Vergi orqanlarından xəbərsiz qeyri-rezident bankda hesab açmaq olar?
Sual: - Müəsissəmizə qeyri-rezident bankda hesab açmaq istəyirik. Bu halda hansı sənədləşmə tələb olunur? Əlavə olaraq bildirmək istəyirəm ki, müəsissə qeyri-rezident bankdan uzunmüddətli kredit muqaviləsi əsasında kənd təsərrüfatının istehsalı ilə bağlı dövriyyə vəsaiti götürmək istəyir. Götürülən kredit vəsaiti ildə bir dəfə olaraq əsas məbləğ üstəgəl faiz məbləği hesablanaraq ödəniləcək. Bu halda hansı vergi öhdəliklərinin yaranması haqda məlumat verməyinizi sizdən xahiş edirəm!
Orxan Yusifov
Cavab:- Konkret hansı sənədlərin tələb olunması artıq həmin qeyri-rezident bankın yerləşdiyi ölkənin qanunvericiliyindən asılıdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsində yazılıb:
58.11. Vergi orqanından şəhadətnamə-dublikat alınmadan sahibkarlıq fəaliyyəti məqsədləri üçün qeyri-rezident bank idarələrində və digər qeyri-rezident kredit təşkilatlarında açılmış hesaba mədaxil edilmiş pul vəsaitinin 100 faiz miqdarında vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilir.
Maddədən aydın olur ki, Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri sahibkarlıq fəaliyyəti göstərən zaman digər ölkələrin banklarında hesab açan zaman vergi orqanlarından bildiriş-dublikat almalıdırlar. Vergi oraqanlarının xəbəri olmalıdır ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər digər ölkələrdə hansı gəlirlər əldə edirlər, hansı xərcləri ödəyirlər. Əgər belə bir bildiriş-dublikat alınmasa, sonradan həmin hesablarda aparılan əməliyyatlardan vergi orqanları xəbər tutsa, onda hesablara daxil olmuş vəsaitin 100% miqdarında maliyyə sanksiyası tətbiq olunur.
Qaldı sualın ikinci hissəsinə, o da Vergi Məcəlləsi ilə tənzimlənir.
123.1. Rezident banklarına, maliyyə lizinqini həyata keçirən rezident şəxslərə və ya qeyri-rezident bankların, maliyyə lizinqini həyata keçirən qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinə kreditlər (ssudalar), depozitlər (hesablar) üzrə ödənilən faizlər istisna olmaqla, rezident tərəfindən və ya qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən, yaxud bu cür nümayəndəliyin adından ödənilən faizlərdən, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödənilən ssuda faizlərindən gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəniş mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur.
Göründüyü kimi, 123.1-ci maddəyə əsasən, qeyri-rezident banklara ödənilən faizlərdən ödəmə mənbəyində 10% vergi tutulmalıdır. Rezident bankla, qeyri-rezident bankların Azərbaycandakı nümayəndəliklərinə kreditlərə görə ödənilən faizlərdən vergi tutulmur, qalan hallarda isə 10% vergi tutulmalıdır. Sizin qeyd etdiyiniz qeyri-rezident banka ödənilən faizlər qalan hallara aiddir və faizlərdən ödəmə mənbəyində 10% vergi tutub qalanını ödəmək lazımdır.
0 Komment
Şərh yazın