Direktorla əmək müqaviləsinin bağlanmasına ehtiyac yoxdur?

Direktorla əmək müqaviləsinin bağlanmasına ehtiyac yoxdur?

 


	
Sual: Əmək münasibətləri: A-dan Z-yə” kitabinizda 18-ci səhifəsində qeyd etmisiniz ki, əgər direktor protokol ilə təyin olunarsa, ona əmək müqaviləsi lazım deyil və onun səlahiyyətləri nizamnamədə göstərir.
Amma mən belə fikirləşirəm ki, əmək müqaviləsi lazımdır. Cünki orda direktorun əmək haqqısı yazılmalıdır və direktora ödənilən əmək haqqı axı işçilərin əmək haqqı cədvəlinə daxil olmalıdır. Həm də ki, direktorun məzuniyyət hüququ müqavilədə öz əksini tapmalıdır. Nizamnamədə isə belə hallar öz əksini tapmır. Xahiş edirəm ki, buna aydınlıq gətirəsiniz. 

Fərid

Cavab: - Bu məsələ ilə bağlı mənə çoxlu suallar olub və mən bir daha fikrimdə qalıram. Belə ki, özünüz qeyd edirsiniz ki, kitabda qeyd olunub ki, direktora nizamnaməyə əsasən səlahiyyətlər verilir. Kitabda yazılmayıb ki, Əmək Məcəlləsinin maddələri ona tətbiq olunur və ya məzuniyyət, əməkhaqqı nizamnamə ilə müəyyənləşdirilir. Əmək Məcəlləsinin 3-cü maddəsində işəgötürənin açıqlanması belə verilib:

İşəgötürən — tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və yaonun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs.

 

Açıqlamadan aydın olur ki, təsisçi və ya təsisçilər ya özü (özləri) işəgötürən kimi çıxış edirlər və ya kənardan şəxs dəvət etməklə işəgötürən təyin edirlər.Yəni, direktor protokola, qərarla təyin olunur. Təyin olunandan sonra işəgötürən kimi bütün məsuliyyət onun üzərinə düşür və işçilərlə əmək münasibətlərinin tənzimlənməsi üçün yazılı əmək müqavilələri bağlayır. Ştat cədvəli tərtib olunubsa, orda direktorun əməkhaqqı qeyd olunur və ya qeyd etdiyiniz kimi əməkhaqqı cədvəli tərtib olunanda onu imzalayanlardan biri də direktorun özüdür. Bu, artıq onun əməkhaqqını təsdiqləyir. Bundan əlavə, təsisçilər kənardan və ya öz aralarından direktor təyin edəndə, həmin şəxs mütəmadi olaraq onlara hesabatlar təqdim edir. Təsisçilər əməkhaqqı və digər hansı bir hallarla razılaşmasalar, direktoru işdən çıxara və ya digər addımlar ata bilərlər. Və yaxud protokolda əməkhaqqı barəsində də qeydlər aparıla bilər, buna heç bir məhdudiyyət yoxdur. Həmçinin, direktor həm direktor kimi işçidirsə və həm də işəgötürəndirsə, ona Əmək Məcəlləsinin müddəaları tətbiq olunur və məzuniyyət hüququnu da bura aid etmək olar.

Bir dəfə də məndən soruşmuşdular ki, bir neçə təsisçinin kənardan təyin etdiyi direktor müəssisədə yeyinti hallarına, maliyyə vəsaitlərinin mənimsənilməsinə yol verərsə, bu məsələlər necə tənzimlənir? Axı, ortada əmək müqaviləsi yoxdur. Bunun sadə cavabı var: Bu halda direktorun özü işəgötürən kimi inzibati və ya cinayət hərəkətləri edib və bunlara görə məsuliyyətə cəlb olunur.

Sadəcə, belə hallarda təsisçilər direktorla hesabatlılıq münasibətlərini mütəmadi və düzgün formalaşdırmalıdırlar. Ona görə də Mülki Məcəllənin bir çox maddələrində yazılıb ki, məhdud məsuliyyətli müəssisələrdə (MMC) təsisçilər MMC-nin öhdəliklərinə görə və MMC təsisçilərin öhdəliklərinə görə məsuliyyət daşımır. Yəni, MMC-də baş verən hər hansı bir hala işəgötürən kimi direktor məsuliyyət daşıyır.

 

0 Komment

    Şərh yazın

    Xəbərlər