İşçilərin yemək xərcləri onların gəliri sayılırmı?

İşçilərin yemək xərcləri onların gəliri sayılırmı?

Sual: - Müəssisə öz xalis mənfəəti hesabına işçilərin qidalanma xərcini digər hüquqi şəxsə ödəyir. İşçilərə qidalanma xərcinin əvəzi olaraq birbaşa  heç bir ödəniş edilməməklə yalnız yemək verilir. Yeməyin dəyəri isə qeyd etdiyim kimi təchizatçı şirkətə ödənilir. Yeməyin dəyəri olaraq ödənilən bu məbləğ hər işçinin gəliri hesab edilib muzdlu işlə əlaqədar gəlir vergisinə cəlb olunmalıdırmı?
Emil

Cavab: - Suala cavab vermək üçün Vergi Məcəlləsinə nəzər yetirməliyik. Vergi Məcəlləsinin 98-ci və 109-cu maddələrin aşağıdakılar yazılıb:
98.5. İşə götürən tərəfindən bu Məcəllənin 109.3-cü maddəsində nəzərdə tutulmuş xərclərin çəkilməsinin nəticəsi kimi əldə edilən gəlir vergi tutulan gəlirə aid deyildir.
109.3. Əyləncə və yemək xərclərinin (müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalar daxilində müalicə-profilaktik yeməklərə, süd və ona bərabər tutulan digər məhsullara və vasitələrə sərf olunan xərclər, həmçinin dəniz nəqliyyatında üzücü heyətə verilən yemək xərcləri istisna olmaqla), habelə işçilərin mənzil və digər sosial xarakterli xərclərinin gəlirdən çıxılmasına yol verilmir.

Maddələrdən aydın olur ki, hər hansı bir təşkilat öz işçilərinə pulsuz yemək verirsə (fərqi yoxdur yeməyi özü hazırlayır, yoxsa kənar təşkilata sifariş verir), buna sərf olunan vəsait işçinin gəliri sayılmır. Ona görə də işçilərin yemək xərcləri muzdlu işlə bağlı gəlir vergisinə cəlb olunmur.

0 Komment

    Şərh yazın

    Xəbərlər