Kimlər istədiyi vaxt məzuniyyətə çıxa bilər?
Sual: Hansı işçilər öz arzularına uyğun vaxtda əmək məzuniyyətinə çıxa bilər?
Cavab: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 133.3 və 133.4-cü maddələrinə əsasən, 14 yaşınadək iki və daha çox uşağı olan, yaxud sağlamlıq imkanları məhdud uşağı olan qadınlara əmək məzuniyyəti onların öz arzusuna uyğun olan vaxt üçün təyin edilir. Eyni zamanda, 16 yaşınadək uşaqları təkbaşına böyüdən valideynə və ya qəyyuma da belə bir güzəşt tətbiq edilir.
Hərbi qulluqçunun arvadı (əri), əlillər, müharibə veteranları, Çernobıl AES-də qəzanın nəticələrinin aradana qaldırılması zamanı radioaktiv şüalanmaya məruz qalaraq sağlamlığı pozulmuş və ya şüalanma xəstəliyinə düçar olmuş şəxslər, yaşı on səkkizdən aşağı olan işçilər, işləməklə yanaşı təhsil alan şəxslər də arzularına uyğun olaraq onlar üçün ilin əlverişli vaxtında əmək məzuniyyətinə buraxılırlar. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, Azərbaycan xalqı qarşısında xüsusi xidmətlər göstərmiş vətəndaşlara da özləri müəyyən etdikləri vaxtda məzuniyyətə çıxmaq hüququ verilir. Müəssisədə işlədiyi müddətdən asılı olmayaraq işçinin arzusu ilə əmək məzuniyyəti arvadının hamiləliyə və doğuşa görə məzuniyyətdə olduğu dövrdə verilə bilər.
1 Komment
Məmmədova Rəna 14 Fevral 2023
Salam, Çernobil əlilinə əsas məzuniyyət neçə gün hesablanır?
Şərh yazın