Vergi güzəşti olan kənd təsərrüfatı məhsulları dedikdə, hansı məhsullar nəzərdə tutulur?
Doğru-cavab rubrikasından
Sual: Salam, təşkitamız kənd təsərrüfatı məhsulu olan pendirin satışını həyata keçirib. Kənd təsərrüfatının inkişafı ilə bağlı Prezidentin 27 noyabr 2011-ci il tarixli fərmanına əsaslanıb sifarişçilərə təqdim etdiyimiz mallara ƏDV tətbiq etməmişik. Bu günlərdə Vergilər Nazirliyindən sualımıza aldığımız cavabda adıçəkilən fərmanın kənd təsərrüfatı emal müəssisələrinə, o cümlədən pendirə şamil olunmadığı bildirilir. Hörmətli, Altay müəllim, bu halda ötən dövrdəki səhvlərin aradan qaldırılması üçün hansı məsləhətlər verərdiniz?
İxtiyar Quliyev
Cavab: İlk növbədə bildirim ki, bu məsələ ilə bağlı 27.11.2011-ci il tarixli yox, 25.11.2008-ci il tarixli sənədə istinad olunmalıdır. Həmin sənəddə kənd təsərrüfatı məhsulları istehsalçılarına verilən müddətli vergi güzəştləri daha 5 il (31.12.2013-cü il tarixinədək) uzadılıb.
Bəli, normativ akta əsasən, kənd təsərrüfat məhsullarının istehsalı ilə məşğul olanlar, hətta sənaye üsulu ilə məşğul olanlar ƏDV-dən azaddır. Sənədin adında da yazılıb ki, «kənd təsərrüfatı məhsulları». Kənd təsərrüfatında heyvandarlıqdan (quşçuluqdan) və torpaqdan əldə olunan məhsullar kənd təsərrüfatı məhsulları sayılır. Heyvandarlıqda ət, yun, dəri, süd, yumurta kənd təsərrüfat məhsulları sayılır. Artıq bunları xammal kimi istifadə etməklə yeni bir məhsul hazırlanırsa, bu artıq kənd təsərrüfat məhsulları sayılmır. Odur ki, Vergilər Nazirliyinin sizə bildirdiyi kimi pendir istehsalına bütün vergilərin tədbiq olunması düzgündür.
İndi isə səhvlərinizin necə düzəldilməsinə baxaq:
Əgər siz əlavə dəyər vergisi ödəyicisinizsə, satdığınız bütün dövrüyyələrdən 18% ƏDV hesablayın və bütün hesabatları dəqiqləşdirilmiş formada təqdim edin və əlbəttə ki, ƏDV məbləğini də büdcəyə ödəyin.
0 Komment
Şərh yazın