Əmək müqavilələrinin və əmrlərin qeydiyyatının olmamasına görə cərimə tətbiq edilir?
Sual: Əmək müfəttişləri bu yaxınlarda təşkilatımızda yoxlama apardılar və bizə bəzi iradlarını bildirdilər. Dedilər ki, əmək müqavilələrinin və əmrlərin qeydiyyatının olmamasına görə cərimələr tətbiq edəcəyik.
Cavab: Əvvəlki saylarımızda da bir çox oxucular bu tip suallar göndərmişdilər, onları cavablandırmışdıq. Görürəm ki, oxucularımız yenə də jurnalımızın imkanlarından tam yararlana bilmirlər. Mənim praktikamda da eynilə buna uyğun hal olmuşdu. Əmək müfəttişləri bu tip çatışmazlıqları təşkilatların birinin baş mühasibinə bildirmişdilər və demişdilər ki, cərimə yazacağıq. O zaman məndən kömək istəyən mühasibə dedim ki, əgər həqiqətən də belə iradlara cərimələr düşürsə, qoy tətbiq etsinlər. O da dediyim kimi etdi. Amma müfəttişlər cərimə yaza bilmədilər. Çünki qanunvericilikdə bu tip çatışmazlıqlara cərimələr tətbiq olunması nəzərdə tutulmayıb. İndi isə fikrimi qanunvercilik qaydasında izah edim.
Bəli, Əmək Məcəlləsinin 85-ci maddəsinə əsasən, təşkilat əmək müqavilələrinin, əmrlərin uçotunu aparmalıdır, əgər bu uçot sizdə kompyuterdə aparılırsa, qəbul olunur. Yox, heç bir qeydiyyat yoxdursa, onda bu uçotun aparılmaması kimi nəzərə alınır və İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində bu hala heç bir inzibati cərimə tətbiq olunması nəzərdə tutlmayıb. Yuxarıda xatırlatdığım nümunədə bu çatışmazlığa görə cərimə tətbiq olunmasını iddia edən müfəttişlər sonradan yoxlama aktında da yazmışdılar ki, təşkilat tərəfindən Əmək Məcəlləsinin 85-ci maddəsi pozulub. Lakin heç bir cərimə tətbiq etməmişdilər, çünki belə pozuntuya görə cərimə nəzərdə tutlmayıb.
0 Komment
Şərh yazın