Hədiyyə verilən məhsuldan vergi tutulurmu?
Sual: Təşkilatımız uşaq paltarının satışı ilə məşğul olur. Bu yaxınlarda rəhbərlik qərara gəldi ki, 200 manatlıq 40 ədəd uşaq paltarını uşaq evinə hədiyyə etsin. Bu fəaliyyət necə rəsmiləşdirilməli və müxabirləşmə necə olmalıdır? Xahiş edirəm, həm sadələşdirilmiş, həm də ƏDV ödəyicisi üçün bu halı izah edərdiniz.
Cavab: Bu halı rəsmiləşdirmək üçün ciddi hesabat blankı kimi istifadə olunan qaimə-faktura yazılmalıdır. Sənəddə paltarların hədiyyə kimi verilməsi mütləq əks olunmalıdır. Qaimə-fakturanın yazılması sizə vergi orqanları ilə problemlər yaşada bilər. Adətən, onlar iddia edirlər ki, qaimə-faktura yazılıbsa, bu, alqı-satqı kimi qiymətləndirilməli və həmin məbləğ ƏDV-dən başqa həm də mənfəət vergisinə cəlb olunmalıdır. Odur ki, məsləhət bilərdim ki, təşkilatlar bir-birilə məktublaşsın və sonda paltarların verilməsi akt formasında rəsmiləşdirilsin. Aktda paltarların hədiyyə kimi verildiyi aydın göstərilməlidir.
Əgər siz ƏDV ödəyicisinizsə, onda sizin verdiyiniz uşaq paltarlarının məbləğinə ƏDV hesablanmalıdır. Bu zaman müxabirləşmələr aşağıdakı kimi olacaq:
DT KT Məbləğ Əməliyatın Adı
Köhnə hesablar planı
88 41 200 manat Uşaq paltarının dəyəri silinir
88 68.2 36 manat 18% ƏDV hesablanılır
Yeni hesablar planı
341 205 200 manat Uşaq paltarının dəyəri silinir
341 521 36 manat 18% ƏDV hesablanılır
Sadələşdirilmiş vergi ödəyicisisinizsə bu zaman vergitutma obyekti yaranmır. Çünki burada satışdan və ya satışdankənar hər hansı gəlir formalaşmır. Ona görə də vergi hesablanmamalıdır. Amma yenə də belə məsələlərdə diqqətli olmanızı məsləhət görərdim.
0 Komment
Şərh yazın