İŞÇİNİN KURS XƏRCİ GƏLIRDƏN ÇIXILMALIDIR?
Sual: Təşkilatımız işçisinin peşə hazırlığını artıran firmaya kurs üçün 2200 manat ödəniş edib. Bu məbləği gəlirdən çıxılan xərclərə aid etmişəm, ödəmə mənbəyində vergi tutmamışam. Amma bu yaxınlarda eşitmişəm ki, vergi orqanlarından gələn yoxlamalar bu çür ödənişləri Vergi Məcəlləsinin 102.1.3 maddəsinə uyğun hesablayır. Yəni, 1000 manata qədər olan hissəsi gəlir vergisindən azad olunur, yerdə qalan hissə gəlir vergisinə cəlb olunur. Vergi orqanları kurs xərcini sosial xarakterli əyləncəyə aid etdiyindən onun gəlirdən çıxılmasına icazə vermir. Bu məsələyə Sizin münasibətinizi bilmək mənim üçün çox maraqlıdır.
Cavab: Sual çox aktualdır, eyni zamanda, problemli bir məsələni əhatə edir. Bu məsələ ilə bağlı təcrübədə bir çox anlaşılmazlıqlar var. Əvvəlcə, Sizin də sualda qeyd etdiyiniz, Vergi Məcəlləsinin 102.1.3-cü maddəsinə diqqətlə nəzər salaq.
102.1.3. təqvim ili ərzində alınan hədiyyə, maddi yardım, birdəfəlik müavinət və miraslar:
102.1.3.1. hədiyyələrin, təhsil və ya müalicə haqlarını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 1000 manatadək olan hissəsi, xaricdə müalicə haqlarını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 2000 manatadək olan hissəsi, mirasların dəyərinin 20000 manatadək olan hissəsi;
Təhsil və ya müalicə haqları almış şəxslərə bu güzəşt o halda verilir ki, həmin məbləğlərin təyinatı üzrə ödənildiyini təsdiq edən müvafiq sənədlər təqdim edilmiş olsun.
Maddədə tam aydın yazılıb ki, söhbət təhsil haqqından gedir. Əgər yadınızdadırsa, əvvəllər reklam, nümayəndəlik, kadr hazırlığı kimi xərclərin gəlirdən çıxılması kimi normativlər mövcud idi. Vergi Məcəlləsi qüvvəyə mindikdən bir müddət sonra həmin normalar qüvvədən düşdü. Əksər vergi ödəyiciləri bu xərcləri kadr hazırlığı xərcləri kimi qəbul edirlər. Ancaq bu məsələdə diqqətli olmaq lazımdır. İlk növbədə, baxmaq lazımdır ki, sizin ödədiyiniz vəsaiti təhsil haqqı kimi qəbul etmək olarmı. Bu isə artıq başqa normativ aktlarla nizamlanır. Əgər ödədiyiniz vəsait təsil haqqı kimi müəyyən olunursa, onda Məcəllənin 102.1.3 maddəsi tətbiq olunmalıdır. Yox, əgər ödədiyiniz vəsait təhsil haqqı kimi yox, müəssisənin birbaşa fəaliyyəti ilə bağlı olan və həmin ödənişə görə işçinin peşəkarlıq səviyyəsi artmaqla, müəssisəyə gəlir gətirəcəksə, onda bu, gəlirdən çıxılan xərc kimi uçota alınmalıdır. Bu zaman isə Məcəllənin 102.1.3-cü maddəsi tətbiq olunmur, işçinin gəliri sayılmır və həmin məbləğ gəlirdən çıxılır.
Qaldı kurs xərcinin sosial xarakterli əyləncə xərcinə aid edilməsinə, bu, düzgün deyil. Qeyd etdiyim kimi bu ödəniş təhsil haqqı kimi qəbul olunarsa, artıq sadəcə gəlirdən çıxılmayan xərc kimi uçota alınınmalıdır.
0 Komment
Şərh yazın