Əgər ƏDV-yə cəlb olunan və olunmayan əməliyyatları fərqləndirmək mümkün deyilsə, əvəzləşdirmə qaydası necə olacaq?
Sual: Salam, hörmətli redaksiya. Sualım ƏDV ilə bağlıdır. Fiziki şəxs ƏDV-yə cəlb olunan və olunmayan əməliyyatlar aparır. Bu halda alınmış mala görə ödənilmiş ƏDV-in əvəzləşdirilməsi qaydası necə olacaq? Qeyd edim ki, əməliyyat ƏDV-dən azad edilən deyil, ƏDV-yə cəlb edilməyəndir.
Rövşən Rəhimov
Cavab: Sualı cavablandırmamışdan əvvəl Vergi Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinə nəzər salaq.
175.4. Vergi ödəyicisi vergi tutulan əməliyyatlar və bu Məcəllənin 164-cü maddəsinə uyğun olaraq ƏDV-dən azad edilmiş əməliyyatlar aparırsa, ƏDV üzrə əvəzləşdirmə üçün vergi tutulan dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisinə uyğun olaraq müəyyən edilən ƏDV-nin məbləği qəbul olunur.
Burada söhbət ƏDV-yə cəlb olunan və ƏDV-dən azad olunan əmliyyatlardan gedir.Amma burda bir maraqlı məqam var. Əgər vergi ödəyicisi əvəzləşdirmək üçün əldə etdiyi vergi hesab-fakturasını konkret ƏDV-yə cəlb olunan və ƏDV-dən azad olunan dövriyyələr üzrə ayıra bilmirsə, onda 175.4-cü maddə tətbiq olunur. Yox, əgər vergi ödəyicisi bunu ayıra bilirsə, onda artıq 175.4-cü maddə tətbiq olunmur. Bu, ƏDV-yə cəlb olunmayan əməliyyatlara da aiddir.
Məsələn, tutaq ki, A firmasının həm ƏDV-yə cəlb olunan və həm də ƏDV-dən azad olunan (və ya ümumiyyətlə cəlb olunmayan) əməliyyatldarı var. Və ayın sonunda elektrik enerjisinə görə ƏDV fakturası gəlib. Əlbəttə ki, bu zamanı hansı sahədə nə qədər elektrik enerjisininin istifadə olunmasını təyin etmək çətindir, ona görə də 175.4-cü maddə tətbiq olunur.
Həmçinin, A firmasında bu sahələr üzrə material sərfi olub. Konkret bilinir ki, hər fəaliyyət üzrə nə qədər material sərf olunub. Bu zamanı ƏDV-yə cəlb olunan fəaliyyət üzrə silinən materialın ƏDV-si əvəzləşdiriləcək. ƏDV-yə cəlb olunmayan fəaliyyətdə isə maya dəyərinə və xərcə silinəcək.
0 Komment
Şərh yazın