DƏMX-in və vergi orqanlarının yoxlamalarında əmək müqaviləsi ilə bağlı mübahisəli məsələnin izahı
Sual: - 01 fevral 2012-ci ildə vergi orqanın vəzifəli şəxsi tərəfindən səyyar vergi yoxlaması aparıldı. Vergi orqanının yoxlaması nəticəsində məlum oldu ki, işçi yanvar ayında işə götürülüb, amma onunla əmək müqaviləsi bağlanılmayıb. Direktor bildirir ki, həmin işçini 28 yanvar 2012-ci ildə işə götürmüşəm, Əmək Məcəlləsinin 49-2-ci maddəsinə əsasən, 3 gün ərzində müqavilə bağlaya bilərəm. Bu zaman hər hansı cərimə və ya maliyyə sankiyası tətbiq oluna bilər?
Cavab: - Bu kimi hallarla bağlı mənim Dövlət Əmək Müfəttişyi Xidmətinin vəzifəli şəxsləri və vergi orqanlarının müfəttişləri ilə mübahisələrim olub. Sualı cavablandırmaq üçün ilk növbədə, Əmək Məcəlləsinin və Vergi Məcəlləsinin müvafiq maddələrinə nəzər yetirək və sonradan araşdırma aparaq.
Maddə 49. Əmək müqaviləsinin qüvvəyə minməsi
1. Əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən qüvvəyə minir.
2. İşçi bu Məcəllənin tələbləri pozularaq, yazılı əmək müqaviləsi olmadan, lakin əvvəlcədən işəgötürənin razılığı (tapşırığı) ilə faktik olaraq işə başlamışsa, həmin andan əmək müqaviləsi bağlanmış hesab olunur və bu halda ən geci üç gün müddətində yazılı əmək müqaviləsi tərtib edilməlidir.
3. Əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması, təsdiq edilməsi yolverilməzdir.
Qeyd olunan sanksiya Vergi Məcəlləsinin aşağıdakı maddəsi ilə tənzimlənir.
58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) bağlamadan işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
Bəli, Əmək Məcəlləsinə əsasən işçi ilə əmək müqaviləsi bağlanılmalıdır və bundan sonra işçi işə başlamalı və əmək fəaliyyətində olmalıdır. Amma bir istisna hal kimi qeyd olunur ki, əvvəlcədən işəgötürənin razılı ilə işə başlamışsa (baxmayaraq ki, əmək müqaviləsi yazılı formada bağlanmayıb), onda həmin an əmək müqaviləsi bağlanmış hesab olunur. Həmçinin, Vergi Məcəllsinin 58.10-cu maddəsinin nəzərdə tutduğu maliyyə sanksiyası əmək müqaviləsinin olmamasına tətbiq olunur, yəni, müqavilənin yazılı və ya şifahi bağlanmasından söhbət getmir.
Ona görə də bu halda vergi orqanlarının maliyyə sanksiyası tətbiq etməsi düzgün deyil. Amma burada bir incə məqam var. Siz necə sübüt edə bilərsiniz ki, işçi həqiqətən də yoxlama gəldiyi gün və ya ondan 2 gün əvvəl işə götürülüb. Əgər siz bunu sübüt edə bilmirsinizsə, onda, vergi və əmək müfəttişləri haqlıdırlar və sanksiya tətbiq edə bilərlər. Bunu sübut etmək üçün təcrübədə bir çox yollar var. Odur ki, bu məsələdə ehtiyatlı olmaq lazımdır. Sübüt etmək üçün müəyyən sənədləşmələr aparmaq lazımdır.
0 Komment
Şərh yazın