İşçi hansı hallarda ezamiyyədə olduğu zaman əlavə iş vaxtına görə əmək haqqı hesablanır?
Sual: Təşkilatın qərarı ilə işçimiz bazar günü saat 18:00 radələrində ezamiyyəyə yolanıb ki, bazar ertəsi konfransın açılışında iştirak etsin. İşçiyə ezam olduğu istirahət gününə görə ezamiyyə haqqı və əlavə iş vaxtı necə hesablanmalıdır?
Cavab: Çox maraqlı sualdır. Sualı cavablandırmaq üçün 21.02.2008-ci il tarixində təsdiqlənmiş «Ezamiyyə qaydaları haqqında» təlimata nəzər yetirməliyiq. Təlimatda yazılıb:
8. Nəqliyyat vasitələrinin yola düşdüyü gün ezamiyyətə gedən gün, nəqliyyat vasitəsinin daimi iş yeri yerləşən yaşayış məntəqəsinə gəldiyi gün isə ezamiyyətdən qayıdan gün sayılır. Nəqliyyat vasitəsi saat 24-ə kimi (saat 24 də daxil olmaqla) yola düşərsə, ezamiyyətə gedən gün cari gün, 00-saatdan sonra isə sonrakı günlər sayılır. Əgər nəqliyyat vasitəsinin yola düşdüyü yer yaşayış məntəqəsindən kənarda yerləşərsə, həmin yerə getmək üçün lazım olan vaxt nəzərə alınır. İşçinin daimi iş yerinə qayıtması günü eyni qayda ilə təyin edilir.
9. Ezamiyyətdə olduğu vaxt, o cümlədən yolda olduğu vaxt üçün ezam olunan işçinin əsas iş yeri (vəzifəsi) və orta aylıq əmək haqqı saxlanılır.
Təşkilat rəhbərinin tapşırığı ilə işçi istirahət günü ezam olunarsa, işçiyə həmin günün əvəzində əlavə istirahət günü verilir.
Ezam olunan işçilərə ezam olunduqları təşkilatların iş vaxtının rejimi və istirahət vaxtı tətbiq edilir.
Sualdan görünür ki, təşkilatınızın işçisi bazar günü saat 18.00-də ezamiyyətə yola düşüb. Yoladüşmə saat 24.00-ə kimi olduğundan işçinin ezamiyyətə getdiyi gün bazar günü sayılır. Ona görə də həmin gün üçün işçiyə ezamiyyə haqqı hesablanmalıdır. Təlimata görə işçi bazar günü ezamiyyətə gedəndə, qayıdandan sonra o təşkilat tərəfindən əlavə olaraq bir istirahət günü ilə təmin olunmalıdır.
0 Komment
Şərh yazın