Səyyar vergi yoxlaması zamanı tələb olunan sənədi tapmağa vaxt verilir?
Sual: Müəssisəmizdə səyyar vergi yoxlaması keçirildi. Müfəttişlər 2008-ci ilin mənfəət bəyannaməsini yoxlayan zaman təşkilatımıza xidmət göstərən müəssisə ilə aramızda aktın olmamasını əsas gətirərək 20000 manatın xərc kimi göstərilməsinin düzgün olmadığını və həmin məbləğin mənfəət vergisinə cəlb olunmasının lazım gəldiyini bildirdi. Yadımdadır ki, həmin akt imzalanmışdı. Ancaq nədənsə sənədlərin içərisində tapa bilmədim. Ümumiyyətlə, səyyar vergi yoxlaması zamanı tələb olunan sənədi tapmağa vaxt verilirmi? Mən sənədi tapmasam belə, qarşı firmadan aktı almaq imkanım var idi.
Fidan Cavidanqızı
Cavab: Sual həqiqətən də praktikdir. Praktikada bu kimi hallarla təkcə Fidan xanım deyil, çoxları qarşılaşır. İlk növbədə aydınlaşdıraq, görək, səyyar vergi yoxlamasının müddəti nə qədərdir.
38.2. Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir.
Növbəti səyyar vergi yoxlaması ildə bir dəfədən çox olmayaraq keçirilir və 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər.
Maddədən aydın olur ki, məüstəsna halı nəzərə almasaq, səyyar vergi yoxlaması ən çoxu 30 gün ola bilər. İndi də Vergi Məcəlləsinin 94-cü maddəsinə nəzər yetirək.
Maddə 94. Sübut etmək vəzifəsi
94.0. Verginin hesablanmasının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda:
94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu — vergi orqanının;
94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu — vergi ödəyicisinin üzərinə düşür.
Buradan görünür ki, əgər vergi orqanı səhv edibsə, siz onların səhvini sübut etməlisiniz. Bunun üçün isə qərara əsasən səyyar yoxlamanın aparılması üçün ayrılmış vaxt sübut üçün kifayət etməlidir. Tutaq ki, səyyar yoxlama qərarı 20 günə yazıb, bu müddət ərzində təşkilatı yoxlayıb müvafiq aktı təqdim etməlidir. Siz də məhz bu müddət ərzində həmin 20.000 manatlıq sənədi ona təqdim etməlisiniz. Əgər sənədi itiribsinizsə, ya qarşı tərəfdən həmin sənədin əslini, ya da qarşı tərəfin təsdiq etdiyi surətini alıb yoxlamaya təqdim edə bilərsiniz. Əgər müfəttiş buna etiraz etsə, nədənsə şübhələndiyini bildirsə, onda sübut etmək Sizin üzərinizə düşdüyündən, müfəttişi də özünüzlə qarşı tərəfə apara bilərsiniz.
Burda bir məqamı qeyd etməyi lazım bilirəm. Praktikamda dəfələrlə belə hallarla rastlaşmışam. Sənəd tapılmayanda bir neçə günə ya sənədin əslini, ya da dediyi kimi təsdiq olunmuş surətini təqdim etmişəm, vergi orqanının vəzifəli şəxsləri buna etiraz etməyiblər. Bir neçə dəfə isə vergi hesab-fakturasının ikinci nüsxəsinin itirilməsi halı ilə qarşılaşmışam. Bu zaman sənəd çox mühüm olduğundan müfəttişlə qarşı tərəfə getmişəm və o, yerində sənədin əslini gördükdən sonra razılaşıb.
0 Komment
Şərh yazın