Mənfəət vergi bəyannaməsində əks olunan nəqliyyat xərclərinin izahı
Sual: Vergi Məcəlləsinə görə, aktivlərin dəyərinə onların alınmasına, gətirilməsinə, nəql olunmasına çəkilən xərclər daxildir. Belə olan halda, mənfəət vergisi bəyannaməsinin 229-cu sətrində nəqliyyat xərclərinə hansı xərclər daxildir? Vergi Məcəlləsindən məlumdur ki, bu cür xərclər malın gətirilməsi ilə əlaqədar olduğundan gəlirdən çıxıla bilməz.
Araz Dönməzov
Cavab: Sual həm aktualdır, həm də maraqlıdır. Həqiqətən də, hər hansı bir xərc məhsulun dəyərinə daxil edilibsə, sonradan ikinci dəfə gəlirdən çıxılmamalıdır. Əvvəlcə, Vergi Məcəlləsinin 139-cu maddəsinə nəzər yetirək.
Maddə 139. Əmtəə-material ehtiyatlarının uçotu qaydası
139.2. Əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir.
Maddə yuxarıda qeyd etdiklərimizi təsdiqləyir. Amma burada bir məqama nəzər yetirməliyik ki, söhbət mənfəət vergisinin bəyannaməsindən gedir. Bəyannamədə bütün maddələr açıq formada göstərildiyindən, artıq orada malın, məhsulun alınması, daşınması ilə bağlı nəqliyyat xərcləri ayrıca qeyd olunmalıdır. Əgər sizin dediyiniz kimi olsa, onda məhsul istehsalı ilə bağlı demək olar ki, bütün xərclər (xammal, material, əmək haqqı, sosial sığorta və digər birbaşa xərclər), həmçinin maya dəyərinə daxil edilən xərclər də ayrıca qeyd olunmalı deyil. Amma bu belə deyil, bəyannamədə bütün xərclər ayrıca, o cümlədən nəqliyyat xərcləri də göstərilməlidir. Sadəcə uçotda yuxarıda qeyd olunduğu kimi dəyərə əlavə olunmalıdır.
0 Komment
Şərh yazın